Azərbaycanın Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında işgüzar əlaqələr uğurla davam etdirilir
Siyasət

Azərbaycanın Baş Prokurorluğu ilə Belarus İstintaq Komitəsi arasında işgüzar əlaqələr uğurla davam etdirilir

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə Belarus İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, noyabrın 16-da Belarus İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Qonaqları salamlayan Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin dövlətlərimizin başçıları İlham Əliyev və Aleksandr Lukaşenkonun birgə səyləri və siyasi iradələri sayəsində bir çox istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.

Söhbət zamanı dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də reallaşdırılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi ilə bağlı tədbirlər və əldə olunmuş nailiyyətləri haqqında ətraflı məlumat verilib.

Belarusun Azərbaycan ilə hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən Dmitri Qora iki ölkənin dövlət qurumları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirib, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində ümumi marağın mövcudluğunu vurğulayıb.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, o cümlədən internet şəbəkəsindən istifadə edilməklə törədilən cinayətlərin açılması və araşdırılması, bu sahədə qanunvericilik mövzusunda geniş fikir mübadiləsi aparılıb. Həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub. Muzeydə Azərbaycan Prokurorluğunun zəngin tarixi, qardaş ölkələrimiz arasındakı münasibətləri əks etdirən ekspozisiyalar, eyni zamanda, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan guşə və eksponatlar qonaqlarda zəngin təəssürat oyadıb.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Baş Prokurorluğunun paytaxtın Binəqədi rayonunda, Dərnəgül yaşayış sahəsində yerləşən yeni inzibati bina kompleksində də olublar. Qonaqlar inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.

Baş Prokurorluğun İstintaq İdarəsinin fəaliyyəti ilə yaxından tanış olan heyət üzvlərinə cinayətlərin istintaq metodikasına dair məlumatları əks etdirən lövhələr, əyani vəsaitlər təqdim olunub. Habelə qonaqlara istintaq hərəkətlərinin keçirilməsi üçün müasir tələblərə cavab verən avadanlıq və texniki vasitələr nümayiş etdirilib.

Sonra Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə "Belarus Respublikası İstintaq Komitəsinin İxtisasartırma və Yenidən Hazırlıq İnstitutu" təhsil müəssisəsi arasında qurumlararası əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən əməkdaşlıq haqqında memorandum imzalanıb və bu istiqamətdə fəaliyyətin davam etdirilməsində əminlik ifadə olunub.

Nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

AZƏRTAC