Azərbaycanın Baş prokuroru ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini ilə görüşüb
Digər xəbərlər

Azərbaycanın Baş prokuroru ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini ilə görüşüb

İyunun 14-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini Kara MakDonald və ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberqer ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamran Əliyev Azərbaycan ilə ABŞ arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, iki ölkənin dövlət qurumları arasında əməkdaşlıqdan danışıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu məmnuniyyətlə vurğulayan Baş prokuror bu sahədə dövlətlərimizin başçıları İlham Əliyev və Co Baydenin misilsiz xidmətlərini qeyd edib.

Söhbət zamanı beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizə sahəsində Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə dövlətimizin göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı ölkəmizdə həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilib. Həmçinin insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları, həmçinin məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Kara MakDonald ikitərəfli münasibətlərə toxunaraq, ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

O, ölkəmizdə qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, əhalinin yaşayış səviyyəsinin, rifahının yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan davamlı addımların təqdirəlayiq olduğunu qeyd edib.

Qonaqlar Azərbaycan Prezidentinin imzaladığı əfv sərəncamlarının, həmçinin Milli Məclisin qəbul etdiyi amnistiya aktlarının ABŞ Dövlət Departamenti tərəfindən alqışlandığını qeyd edərək, ölkəmizdə, xüsusilə prokurorluq orqanları tərəfindən insan və vətəndaş, o cümlədən əhalinin həssas təbəqələrinin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş addımları müsbət hal kimi qiymətləndiriblər.

Sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə ABŞ Dövlət Departamentinin və Azərbaycan Prokurorluğunun məsul əməkdaşları iştirak ediblər.

AZƏRTAC