Azərbaycanın Baş prokuroru Masallı rayonunda vətəndaşların qəbulunu keçirib
Region

Azərbaycanın Baş prokuroru Masallı rayonunda vətəndaşların qəbulunu keçirib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, vətəndaşların qəbulu prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır, onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 17-də Baş prokuror Kamran Əliyev Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.

Əvvəlcə Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini, Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin xatirəsinə yaradılmış abidə kompleksini ziyarət edib, gül dəstələri düzərək əziz xatirələrini ehtiramla anıb.

Kamran Əliyev qəbulda iştirak edən 82 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Cəlilabad və Yardımlı Rayon prokurorluqlarına gedib, əməkdaşlarla görüşlər keçirərək onlara konkret tapşırıqlar verib. Görüşlərdə vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqları diqqətə çatdırılıb.

AZƏRTAC