Azərbaycanın Baş prokuroru Səudiyyə Ərəbistanında beynəlxalq tədbirdə iştirak edir
Digər xəbərlər

Azərbaycanın Baş prokuroru Səudiyyə Ərəbistanında beynəlxalq tədbirdə iştirak edir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin yüksək səviyyəli görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Krallığın Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun (Nazaha) prezidenti Mazin bin İbrahim Əl Kahmus yüksək səviyyəli konfransı açıq elan edərək, qəbul olunacaq Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının iqtisadi cinayətkarlığa qarşı işbirliyinə töhfələrindən danışıb.

Açılış iclasında çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində aparılmış genişmiqyaslı islahatlar, o cümlədən qanunvericilik və institusional tədbirlər haqda görüş iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, ölkəmiz İƏT çərçivəsində hüquqi əməkdaşlığa böyük önəm verərək, Məkkə Konvensiyasının qəbul olunmasını dəstəkləyir.

Tədbirdə 57 üzv dövlətin baş prokurorları, ədliyyə, daxili işlər nazirləri, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin çıxışlarından sonra Konvensiya layihəsi yekdilliklə qəbul edilib.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Qurumunun prezidenti Mazin bin İbrahim Əl Kahmus ilə ikitərəfli görüş keçirib. Söhbət zamanı gələn ilin yanvarında Azərbaycanın Baş Prokurorluğu ilə Nazaha arasında imzalanması nəzərdə tutulan əməkdaşlıq haqqında memorandumla əlaqələrimizin bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

Həmçinin səfər zamanı Kamran Əliyev ilə İnterpolun baş katibi Yurgen Ştok arasında görüş keçirilib. Görüşdə cinayətkarlıqla mübarizə sahəsində müsbət təcrübənin formalaşması və bu sahədə İnterpolun vacib rolu qeyd olunub.

Tədbirlərdə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev iştirak edib.