Azərbaycanın Baş prokuroru Rusiya Prokurorluğunun yaradılmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir
Digər xəbərlər

Azərbaycanın Baş prokuroru Rusiya Prokurorluğunun yaradılmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Prokurorluğu səlahiyyətləri çərçivəsində beynəlxalq əlaqələrini genişləndirir, xarici dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanları, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı səmərəli şəkildə davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Prokurorluğunun yaradılmasının 300 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovun dəvəti ilə Moskvaya səfər edib.

Nümayəndə heyətlərinin rəhbərləri Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.

Sonra Rusiya Federasiyası Baş Prokurorluğunda bu ölkənin rəsmi şəxslərinin iştirakı ilə təntənəli yubiley tədbiri keçirilib.

Səfər çərçivəsində Kamran Əliyev rusiyalı həmkarı İqor Krasnov, türkiyəli həmkarı Bekir Şahin, Pakistanın Baş prokuroru Rəhman Aamir, tacikistanlı həmkarı Yusuf Raxmon, Özbəkistanın Baş prokuroru Niqmatilla Yuldoşev, Qırğızıstanın Baş prokuroru Kurmankul Zuluşev, Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti Çeol Kyu Hvan, Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratının rəhbəri Xristos Cakumopulos və digər ölkələrin Baş prokurorları, nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin türkdilli dövlətlərin Baş prokurorları arasında görüş keçirilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da tədbirlərdə iştirak edib.

AZƏRTAC