Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “2020-ci ilin payızında döyüş əməliyyatlarının yenidən başlanması Ermənistanın uzun illər boyu cəzasız qalmasının məntiqi nəticəsi idi
Digər xəbərlər

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: “2020-ci ilin payızında döyüş əməliyyatlarının yenidən başlanması Ermənistanın uzun illər boyu cəzasız qalmasının məntiqi nəticəsi idi"

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında "Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində hüququn aliliyinin təşviq edilməsi və möhkəmləndirilməsi" mövzusunda müzakirələrin gedişində çıxış edib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı diplomat öz çıxışında deyib: "Birləşmiş Millətlər Təşkilatı onun bütün üzvlərini beynəlxalq hüquq qaydaları ilə əlaqələndirmək yolu ilə müharibələrin və insan iztirablarının qarşısını almaq üçün yaradılıb. Bir məşhur alimin dediyi kimi, BMT-nin Nizamnaməsi bu təşkilatın yaradılmasının əsası olan, üzv dövlətlərin hüquq və vəzifələrinin təsbit edildiyi çoxtərəfli müqavilə olmaqla bərabər həm də BMT-nin funksiyalarını müəyyən edən və məhdudlaşdıran konstitusiyadır.

Lakin bu funksiyaların universal və məcburi xarakterinə baxmayaraq bəzən Nizamnamənin prinsiplərinə açıq-aşkar etinasızlıq göstərilir, bu isə dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün pozulmasına, silahlı münaqişələrin daha da kəskinləşməsinə, identikliyə əsaslanan dözümsüzlüyə, terrorçu və separatist təhlükələrin artmasına gətirib çıxarır. Yaşar Əliyev qeyd edib ki, 1992-ci ilin may ayında Azərbaycan BMT-yə daxil olarkən artıq bir neçə il idi ki, qonşu Ermənistan tərəfindən silahlı təcavüzlə üzləşmişdi, bu təcavüzün əsası qondarma etnik-millətçi ideologiya, saxtalaşdırılmış tarixi narrativlər və əsassız ərazi iddiaları idi.

Ermənistan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş məqsəd və prinsipləri, o cümlədən mübahisələrin dinc yolla həlli və güc tətbiq edilməməsi prinsiplərini dəstəkləyəcəyini təntənəli şəkildə öhdəyə götürməsinə baxmayaraq, Azərbaycanın suveren ərazisinin xeyli hissəsini güclə zəbt edib və 30 ilə yaxın müddətdə işğal altında saxlayıb. Təcavüzün nəticələri şok doğurur: on minlərlə insan həlak olub; işğal edilmiş bütün ərazilərdə 700.000-dən çox azərbaycanlıya qarşı etnik təmizləmə siyasəti həyata keçirilib; mənim ölkəmdə yüzlərlə şəhər, qəsəbə və kənd yerlə-yeksan edilib; Azərbaycanın mədəni və dini irsinə, habelə ətraf mühitə böyük ziyan vurulub.

Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrdə təsbit olunmuş zəruri tələblərə etinasızlıq göstərilib, ATƏT-in rəhbərliyi ilə vasitəçilik fəaliyyəti isə münaqişənin danışıqlar yolu ilə nizamlanmasına şərait yaratmayıb. Müvafiq beynəlxalq təsisatlar tərəfindən adekvat reaksiyanın olmaması, ikili standartlar və hamılıqla tanınmış öhdəliklərə münasibətdə ayrı-seçkilik Ermənistanın öz mövqeyini davam etdirməsinə şərait yaradıb. 2020-ci ilin payızında döyüş əməliyyatlarının yenidən başlanması Ermənistanın uzun illər boyu cəzasız qalmasının məntiqi nəticəsi idi. Azərbaycandakı yaşayış məntəqələrinə Ermənistanın birbaşa hücumları mülki əhali arasında çoxsaylı tələfata və mülki infrastruktura ciddi ziyan vurulmasına gətirib çıxarıb. Azərbaycan yalnız öz suveren ərazisində, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa tam uyğun surətdə hərəkət edərək öz xalqının müdafiəsi və işğal altında olan ərazilərin azad edilməsi üçün qətiyyətli tədbirlər görüb.

Y.Əliyev bildirib ki, müharibə başa çatandan sonra Azərbaycan ilk növbədə azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz qayıtmasının və yüksək həyat səviyyəsinin təmin edilməsi üçün bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məsələlərinə diqqət yetirir. Bu məqsədlə Azərbaycan Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Bu regionlarda genişmiqyaslı işlər davam edir.

Beynəlxalq hüququn hiddətləndirici şəkildə pozulmalarına görə məsuliyyətin təmin edilməsi üçün Azərbaycan BMT-nin Beynəlxalq Məhkəməsində və Avropa İnsan Haqları Məhkəməsində iddia qaldırıb. Bundan əlavə, hərbi cinayətlər törətmiş, terror və muzdlu döyüşçü kimi fəaliyyət göstərən bir neçə nəfər məsuliyyətə cəlb edilib və cəzalandırılıb. Eyni zamanda, Azərbaycan hər iki ölkənin beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və buna hörmət edilməsi əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs edib. Bu təşəbbüsün və Azərbaycan tərəfindən təklif edilmiş normallaşma prinsiplərinin beynəlxalq miqyasda geniş dəstəklənməsinə, son bir il ərzində Azərbaycan tərəfindən intensiv diplomatik səylərə baxmayaraq, Ermənistan tərəfindən bu məsələlərə yanaşmalarla bağlı fəaliyyət razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi üçün müvafiq olmayıb. Azərbaycanlı diplomat qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən bayağı fikirlər və qərəzli yalanlar İrəvanın illər boyu beynəlxalq hüququ hiddətləndirici şəkildə pozması fonunda yürüdülən çoxdankı siyasətinin tərkib hissəsidir. Paradoksal haldır ki, Azərbaycana qarşı təcavüz törətmiş, 30 ilə yaxın müddətdə Azərbaycanın suveren ərazilərini işğal altında saxlamış, müharibə dövründə kütləvi etnik təmizləmələr aparmış, digər iyrənc cinayətlər törətmiş Ermənistan indi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa istinad edir. Lakin belə düşünmək sadəlövhlük olardı ki, guya Ermənistan sivil davranış norma və prinsiplərinə riayət etməyin zəruri olmasını anlayıb və dərin kök salmış irqi nifrət və üstünlük stereotiplərindən imtina edib.

Y.Əliyev vurğulayıb ki, Ermənistan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməli, özünün silahlı qüvvələrini və qanunsuz silahlı dəstələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalı, ərazi iddialarına və qanunsuz fəaliyyətə son qoymalı, belə hərəkətlərdən çəkinməli, mina terrorizminə qon qoymalı, münaqişə dövründə itkin düşmüş bir neçə min azərbaycanlının taleyinə aydınlıq gətirməli, Azərbaycan dövlətinə və Azərbaycan xalqına vurulmuş ziyanı ödəməli, dövlətlərarası münasibətlərlə bağlı diplomatik həllərin tezliklə tapılması məqsədilə birbaşa danışıqlar aparılmalıdır. Diplomat vurğulayıb: "Razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında Ermənistan ilə Azərbaycan arasında ikitərəfli və nəticəvi danışıqların dəstəklənməsi bütün beynəlxalq birlik üçün həmişəkindən daha vacibdir. Düşmənçilik səhifəsini çevirmək, davamlı və möhkəm sülh yaratmaq üçün hələ mövcud olan imkanı nəzərdən qaçırmaq olmaz".