AZƏRBAYCANIN BÖLGƏDƏ YARATDIĞI YENİ REALLIQLAR BEYNƏLXALQ ALƏMDƏ TƏQDİR OLUNUR
Siyasət

AZƏRBAYCANIN BÖLGƏDƏ YARATDIĞI YENİ REALLIQLAR BEYNƏLXALQ ALƏMDƏ TƏQDİR OLUNUR

Prezident İlham Əliyevin İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində söylədiyi fikirlər belə deməyə əsas verir

Azərbaycan Prezidenti cənab İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsi zamanı bir çox mühüm məqamlara toxundu. Dövlət başçısı sülh müqaviləsinin imzalanması üçün əlverişli şəraitin olduğunu bildirdi. Əgər Ermənistan növbəti dəfə prosesi ləngitməyə cəhd etməsə, proses yaxın gələcəkdə öz nəticələrini verə bilər.

İki il öncə Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaranıb. Məğlub Ermənistan həmin reallıqları nə qədər tez qəbul etsə, özü üçün bir o qədər yaxşı olar. Çünki yersiz inadkarlıq, revanşizm Ermənistanı daha da çıxılmaz duruma salır. Bir neçə gün öncə Brüsseldə bundan öncə keçirilən görüşlərdə olduğu kimi, sayca dördüncü olan 31 avqust görüşü də Ermənistanın cəhdlərinin puç olması ilə nəticələndi. Azərbaycan isə qətiyyətli və haqlı mövqeyini ortaya qoyub. Dövlət başçısı cənab İlham Əliyevin uzaqgörənlik və müdrikliklə həyata keçirdiyi siyasət artıq təkcə regional deyil, beynəlxalq səviyyədə də öz bəhrəsini verir.

Cənab Prezident hər bir səfərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə, o cümlədən nüfuzlu xarici KİV-lərə verdiyi müsahibələrində bu qətiyyətli mövqeyi ortaya qoyur. Dövlət başçımız sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib ki, bizim regionda vəziyyət sülhə doğru inkişaf edir. Müsahibəsində Brüsseldə keçirilən son görüşə də toxunan Prezident cənab İlham Əliyev "Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu", - deyə bildirib. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, Brüssel görüşünün ən mühüm nəticələrindən idi. Cənab İlham Əliyev onu da qeyd edib ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik: "Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib".

Əslində Ermənistanın başqa yolu da yoxdur. Çünki ötən iki il ərzində yalnız dağıdıcı fəaliyyətlə məşğul olan Ermənistan rəhbərliyi bir daha əmin oldu ki, "Dəmir yumruq" yerindədir. Necə deyərlər, yersiz inadkarlıq hər dəfə onlara daha bir zərbənin dəyməsi ilə nəticələnir. Ona görə tam əminliklə demək lazımdır ki, sonuncu görüşdə də cəhdləri puça çıxan Ermənistan nəhayət, real addım atmaqda özündə güc tapacaq.

Müsahibədə diqqətçəkən daha bir məqam da Azərbaycanın azad olunmuş ərazilərində irimiqyaslı infrastruktur layihələri reallaşdırması, həmçinin Zəngəzur dəhlizi ilə bağlı olub. Dövlətimizin başçısı bəyan edib ki, Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib. Beləliklə, biz görürük ki, Azərbaycanın qətiyyətli mövqeyi, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti mərhələ-mərhələ öz bəhrəsini verir.

Hazırda İtaliya Azərbaycanla əməkdaşlığın genişləndirilməsində çox maraqlıdır. Bunun əsas səbəbləri respublikamızın dünyada qalib dövlət kimi tanınması, Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi rola malik olması və sürətli inkişaf yolunda inamla irəliləməsidir. Sözsüz ki, İtaliya da bu geostrateji inkişafı, Azərbaycanın siyasi, iqtisadi, humanitar sahələrdə dünyada nüfuzu yüksələn ölkəyə çevrildiyini görür. Eyni zamanda, İtaliya iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsini özünün xarici siyasətinin prioriteti hesab edir. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyas almış yenidənqurma, bərpa-quruculuq işlərində İtaliya şirkətlərinin də fəal iştirakı iki ölkə arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafından xəbər verir.

Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminliklə deyə bilərik ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaq. "Lakin biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik", - deyə dövlətimizin başçısı qeyd edib. Bu il Azərbaycanın ümumi qaz ixracının 22-23 milyard kubmetr təşkil edəcəyini bildirən Prezident İlham Əliyev deyib: "Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir".

Prezident cənab İlham Əliyev "İl Sole 24 Ore" qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsində bu haqda danışarkən bildirib ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərir. Məsələn, təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də Memorial və Zəfər muzeylərimiz İtaliya şirkətləri tərəfindən dizayn olunub tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Cənab Prezident həmçinin vurğulayıb ki, İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib.

Emin QASIMOV,

"Respublika".