Azərbaycanın davamlı sülh və əməkdaşlıq təklifləri
Siyasət

Azərbaycanın davamlı sülh və əməkdaşlıq təklifləri

Regionda sabitliyə və inkişafa xidmət edən bu məqsədlərə indiyə qədər susqun qalan beynəlxalq qurumlar tərəfindən də nəhayət əhəmiyyətli addımlar atılmalıdır

Ermənistan işğalçı dövlətdir, bu gün bəzən etiraf etmək istəməsələr də artıq bunu dünya birliyi də bilir. Ermənilər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal altında saxlayırdı və danışıqlar yolu ilə geri qaytarmaq istəmirdi. Azərbaycanın heç bir zaman başqasının torpağında gözü olmayıb. Azərbaycan yalnız tarixən ona məxsus olan torpaqların geri qaytarılmasını, daha doğrusu ədalətin bərpa olunmasını tələb edirdi. İllər boyu aparılan danışıqların isə heç bir nəticə vermədiyini görən Azərbaycan dövlətinin rəhbəri və xalqımız bilirdi ki, düşmən torpaqlardan sakitliklə çıxmayacaq. Çünki ermənilər durmadan bölgələrimizi atəşə tutur, dinc əhaliyə xəsarət yetirirdilər. Aparılan danışıqlar və onun formatı faktiki olaraq münaqişənin dondurulmasına xidmət edirdi.

Hazırda düşmənin danışıqlar istəməsi onun növbəti hiyləgərliyindən xəbər verir.  Çünki sülhsevər Azərbaycan xalqı 30 ilə yaxın bir müddətdə danışıqlara inanıb, diplomatik üsullara sadiq olub, beynəlxalq birliyə etibar edibdi. Bununla da xalqımızın etibarından sui- istifadə olunub, onun səbri ilə oynayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri  kağız üzərində qalırdı. İşğalçı Ermənistanın təcavüzkar tamahı gec-tez onları bitirəcəkdi, belə də oldu. Bu siyasət, təcavüzkar tamah Ermənistan hökumətini daha böyük axmaqlıqlara təhrik edirdi. Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin bu gün də əziyyətini çəkir. Orada yaşayan insanlar çətinliklərlə üz-üzədir. Ermənistanın baş naziri cəfəng fikirlər ortaya atır, tarixi saxtalaşdırır, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmağa çalışırdı. O, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və danışıqları mənasız etdi. Ermənistan rəsmisinin bu cəfəng fikirlərinin yalan olduğunu dünya birliyi bilir, lakin buna baxmayaraq kimlərəsə, yəni ermənilərin havadarlarına sərf edirdi ki, bu cür təxribatçı siyasət uzansın. Çünki Azərbaycanın, türk dünyasının gündən-günə güclənməsini istəməyən dövlətlər qorxu içindədirlər. Separatçı niyyətli dövlətlərin qara düşüncələri özlərini qaranlığa sürükləyəcəkdir. Bu, tarixən belə olub. Ən ədalətsiz hal odur ki, beynəlxalq təşkilatlar ötən illər ərzində Ermənistana təsir etmədi. İşğalçı Ermənistana heç bir beynəlxalq təşkilat təsir etmədi, bizim ərazilərimizi atəşə tutmasına dur, atəş açma, deyən olmadı. Bu hal beynəlxalq riyakarlığın və ikili standartların ən qatı təzahürüdür. Bu hal Azərbaycan dövlətinin hüquqlarına ziddir. Torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi tələbini yerinə yetirməyən Ermənistan əksinə, işğalçılıq siyasətindən də bir addım irəli gedib, əraziləri, inzibati binaları, torpaqları, insanları hədəfə tutaraq atəşlər açır, hərbi cinayət törədirdilər. Bununla belə, Azərbaycan hər zaman ədalətli danışıqların tərəfdarı olub, bunu bütün dünya dövlətləri, beynəlxalq qurumlar da yaxşı bilir. Lakin illər boyu məsələyə göstərilən biganə münasibət xalqımızı yormuşdu.  Beynəlxalq hüquqa sığınan Azərbaycan münaqişə boyunca daim diplomatik üsullara müraciət edir  və danışıqlar yolu ilə məsələnin həllinə çalışırdı.

Qeyd etmək lazımdır ki, beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzü ilə əlaqədar münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə hüquqi çərçivə müəyyən edilmişdir. Həmin qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilmiş, güc tətbiqi vasitəsilə ərazi iddialarının reallaşdırılmasının qəbuledilməzliyi vurğulanmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunmuşdur. Lakin bu günədək beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoyulmamış və həmin qətnamələr icra edilməmişdir. Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə 1994-cü il mayın 12-də atəşkəsə nail olunmuş və ötən müddət ərzində təcavüzkar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üzrə danışıqlar davam etdirilmişdir. Lakin aparılan danışıqlara məhəl qoymayan və münaqişənin sülh yolu ilə həllindən boyun qaçıran işğalçı dövlət təcavüzkar siyasətindən əl çəkməyərək beynəlxalq hüququn norma və prinsiplərinə zərbə vurmaqda davam edirdi. Təcavüzkar dövlət olan Ermənistana qarşı heç bir təzyiq mexanizminin işə düşməməsi, əksinə beynəlxalq birlik tərəfindən tətbiq olunan ikili standartlar rəsmi İrəvanı daha da azğınlaşdırıb. Hər zaman münaqişənin sülh yolu ilə həllini dəstəkləyən Azərbaycana qarşı təcavüzkarın beynəlxalq birlik tərəfindən bir növ “himayə” edilməsi Qarabağda vəziyyətin daim kəskin olaraq qalmasına zəmin yaradıb. Vəziyyət o həddə çatıb ki, cəzalandırılmadığını görən təcavüzkar Ermənistan dövləti artıq yeni ərazi iddiaları, yeni işğal təhdidləri səsləndirməyə başlayıb, hətta bir sıra hallarda bunu açıq-aşkar bəyan etməkdən belə çəkinməyib. Bu zaman belə beynəlxalq təşkilatların sərt üzü ilə qarşılaşmayan Ermənistan üçün bu sükut yeni təcavüz üçün fürsət kimi qəbul edilməyə başlanılıb. Ancaq növbəti dəfə Azərbaycana hücum etmək fikrinə düşən Ermənistan 44 günlük müharibədə layiqli cəzasını aldı. Ordusu darmadağın edildi, Müzəffər Azərbaycan ordusu döyüş meydanında tarix yazdı, işğala son qoyuldu. Azərbaycan demək olar ki, 30 illik uğursuz BMT prosesi və uğursuz ATƏT-in danışıqlar  prosesindən sonra 90-cı illərdə qəbul edilən dörd BMT qətnaməsini özü həyata keçirməyə məcbur oldu. Beynəlxalq qurum və təşkilatlar bu məsələni həll etmək məsələsində istəksizlik və ya könülsüzlük nümayiş etdirdi. İşğal illərində heç bir əməli iş görməməklə, əllərindəki imkanları səfərbər etməməklə münaqişənin sülh yolu ilə həllini labüd edən beynəlxalq birlik müharibənin başlanmasında ən azı Ermənistan qədər günahkardır.

Azərbaycan həmin o məşhur qətnamələrin icrası məsələsini demək olar ki, bütün mövcud platformalarda, özü də dəfələrlə qaldırsa da, heç bir halda zəruri reaksiya verilməyib. Münaqişənin həlli üçün mandat sahibi olan ATƏT-in Minsk qrupu da öz yarıtmaz fəaliyyəti ilə seçilib. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün həmsədrlik etdiyi Minsk qrupu sözügedən ölkələrin Ermənistana birbaşa böyük təzyiq və təsir imkanları olduğu halda, 28 il ərzində demək olar ki, heç bir işin öhdəsindən gələ bilməyib. Həmsədrlərin ixtiyarında bu qətnamələrin icrası üçün lazımi mandat olsa da, heç bir halda münaqişənin həlli üçün ortaya səmərəli fəaliyyət qoyulmayıb. Odur ki, 44 günlük müharibənin meydana gəlməsinin səbəbləri arasında işğalçı ilə yanaşı, bu işğala göz yumanların da günahkar hesab edilməsi olduqca anlaşıqlıdır. Çünki məsələnin sülh yolu ilə həllinə nail olmaq naminə atılması lazım olan addımlar atılmadı, təcavüzkar dövlətə qarşı sanksiya silahına əl atılmadı. Bu gün dünyada öz maraqları naminə ən xırda şeylərə görə, bəzən isə anlam belə verə bilmədiyimiz səbəblərə görə sərt sanksiyalar tətbiq edən ölkələr nədənsə Ermənistana münasibətdə “mərhəmət” nümayiş etdirdilər. İşğala məruz qalan dövlətin hüquqları gözardı edildi, işğalçının özbaşınalığına göz yumuldu.

Ötən ilin dekabr ayında ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edən  Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. “Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Mən də həmin fikirdəyəm. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür”. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bəzi beynəlxalq siyasətçilərin təqdim etməyə çalışdığı kimi, təkcə atəşkəs razılaşması olmadığını vurğulayan dövlət başçımız  dəfələrlə bildirir ki,  bundan sonra postmünaqişə vəziyyəti barədə düşünməliyik. Azərbaycan səhifəni çevirməyə, irəli getməyə və regional sabitliyə töhfə verməyə hazırdı.

Mustafa KAMAL,

“Respublika”.