Azərbaycanın daxili işlər naziri Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Siyasət

Azərbaycanın daxili işlər naziri Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Mayın 13-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Vilayət Eyvazov dövlətlərimizin başçılarının siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini məmnunluqla vurğulayıb.

Cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, ölkəmizdə təhlükəsizlik sahəsinin də möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran general-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin, Daxili Qoşunların peşəkar səviyyədə fəaliyyət göstərdiyini, ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə aparıcı hüquq-mühafizə orqanı kimi öz yerini tutduğunu xüsusi qeyd edib.

İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Vilayət Eyvazov rəhbərlik etdiyi Daxili İşlər Nazirliyinin qardaş ölkənin hüquq-mühafizə orqanları ilə əlaqələrin, o cümlədən beynəlxalq əməkdaşlığın intensiv inkişafına daim önəm verdiyini bildirib. Nazir bu əlaqələrin, ilk növbədə, qarşılıqlı hüquqi yardım, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında reallaşdığını nəzərə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Seyfullah Hacımüftüoğlu iki ölkənin müvafiq qurumları arasındakı qarşılıqlı faydalı və səmərəli işbirliyini yüksək qiymətləndirib, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəyini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və dövlətlərimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Görüşdə Türkiyənin ölkəmizdəki səfirliyinin və Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidmətinin nümayəndələri də iştirak ediblər.

AZƏRTAC