Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələri daha da genişlənir
İQTİSADİYYAT

Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələri daha da genişlənir

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu öndər Heydər Əliyevin vaxtilə müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq həyata keçirilən islahatlar, ilk növbədə, ölkənin dinamik sosial-iqtisadi inkişafına və eyni zamanda şaxələnməsinə imkan yaradır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat, infrastruktur və logistika sahələrində reallaşdırılan transmilli layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirməklə yanaşı, eyni zamanda xarici sərmayədarların da diqqətini ölkəmizə cəlb edir.

İşğaldan azad olunan rayonlarımızda - Füzuli, Zəngilan və Laçında tikilən beynəlxalq hava limanları, Ələt Azad İqtisadi Zonası, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Dəniz Ticarət Limanı bu istiqamətdə reallaşdırılan uğurlu layihələrdir. Son dövrlərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin, müasir aeroportların, beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində dəmiryol xətlərinin yenilənməsi nəticəsində Azərbaycanın dünya ölkələri ilə iqtisadi əlaqələri getdikcə daha böyük miqyas alır.

İqtisadiyyatının davamlı inkişafını və rəqabət qabiliyyətini artırmaq, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyini gücləndirmək və çoxşaxəli nəqliyyat infrastrukturunu yaratmaq bu gün dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2021-ci ildə ölkə başçısı İlham Əliyev tərəfindən təməli qoyulan, yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək məqsədilə yaradılan Ələt Azad İqtisadi Zonası böyük həcmdə dividendlər gətirməklə ölkəmizin Cənubi Qafqazda mövqelərini daha da möhkəmləndirəcək. Bu mənada, xarici investorları Azərbaycana cəlb etmək və onların yerli şirkətlərlə əməkdaşlığına imkan yaratmaqla dinamik inkişaf edən dayanıqlı iqtisadiyyata nail olmaq qarşıya qoyulan əsas hədəflərdəndir. Azad İqtisadi Zonanın yaradılmasında da əsas məqsəd, ilk növbədə, xaricdən ölkəmizə investisiyalar cəlb etməkdir ki, bu da ölkə iqtisadiyyatının inkişafında mühüm şərtdir. Bu baxımdan, Ələt Azad İqtisadi Zonanın yaradılması uzaqgörən siyasətin təzahürü kimi böyük əhəmiyyət kəsb edir.

Ələt Azad İqtisadi Zona yaxın gələcəkdə Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının logistika və nəqliyyat mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək. Bununla yanaşı, Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətini yüksəldəcək və nəqliyyat infrastrukturunun fəaliyyətinin çoxşaxəliliyini təmin etməklə ölkəmizin ticarət dövriyyəsini artıracaq.

 Xəzər dənizinin ən böyük ticarət limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə beynəlxalq yüklərin daşınmasında mühüm rol oynayır. Avrasiyanın əsas nəqliyyat qovşaqlarından biri olan bu liman Azərbaycanın infrastrukturunun yeni istiqamətlər üzrə inkişafını təmin etməklə yükdaşımaların həcmini artıracaq. Dövlət başçısının 2007-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq 2010-cu il noyabrın 3-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan və 2014-cü ildə açılışı həyata keçirilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının layihəsinin birinci mərhələsində bərə terminalı, quru yük terminalı, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanılmışdır. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaratmışdır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkəmizi qərbdə Avropa İttifaqı ölkələri ilə Türkiyə, cənubda İran və Hindistan, şimalda isə Rusiya ilə birləşdirən mühüm iqtisadi əhəmiyyətə malik nəqliyyat qovşağıdır. Ölkə iqtisadiyyatının dinamik inkişafında, ixracın artırılmasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı böyük əhəmiyyətə malikdir. Belə ki, bu nəqliyyat infrastrukturu Azərbaycanın bütün bölgələrinin daha yaxşı inteqrasiyasına şərait yaratmaqla, regionda biznes mühitinin inkişafına əlavə təkan verəcəkdir.

Ötən il iyul ayının 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində bu barədə demişdir: "Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır".

Bu gün respublikamızda nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi və Azərbaycanın tranzit potensialının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkəmizin iqtisadiyyatına yeni investisiyalar qoyulur və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını daha da genişləndirir. Dövlətimiz tərəfindən nəqliyyat sektorunun inkişafı ilə bağlı konkret proqramlar reallaşdırılır. Bir sözlə, öz nəqliyyat infrastrukturunu ən müasir səviyyədə quran Azərbaycan bütövlükdə nəqliyyat, logistika mərkəzinə çevrilir. Bütün bunlar isə gələcəyə inamla addımlayan ölkəmizi daha da gücləndirir və önəmini artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".