Azərbaycanın energetika sistemi beynəlxalq standartlar səviyyəsində qurulur
İQTİSADİYYAT

Azərbaycanın energetika sistemi beynəlxalq standartlar səviyyəsində qurulur

Son on ildə ölkəmizdə bir çox yeni elektrik stansiyaları tikilmişdir. Hazırda Azərbaycan özünü elektrik enerjisi ilə təmin edir və eyni zamanda, respublikamızda ixrac imkanları yaradılmışdır. Ölkəmizin enerji potensialı güclənir, artan tələbat tam təmin edilir.

2010-2020-ci illərdə respublikamızın enerji sisteminin etibarlılığının təmin edilməsi və bu sahədə mükəmməl infrastrukturun yaradılması istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Ölkəmizdə enerji sektorunun inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə və dünya standartları səviyyəsinə qaldırılmasına maksimum səy göstərilir.

Ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra ölkənin energetika təsərrüfatında həyata keçirilən irimiqyaslı tədbirlər nəticəsində daxili tələbat tam ödənildi, respublikamızın enerji potensialı yüksəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli elektroenergetika sahəsində həyata keçirilən islahatlar müsbət dəyişikliklərin yaradılmasına real imkanlar yaratdı. Bu sahədə “Azərenerji” və “Azərişıq” ASC-nin fəaliyyəti təqdirəlayiqdir.

2010-2020-ci illərdə əhali və qeyri-əhali sektorunda abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchizatında təqdirəlayiq işlər həyata keçirilmiş, istər paytaxtda, istərsə də regionlarda bir sıra texniki dəyişikliklər aparılmış, yeni TM və KTM-lər quraşdırılmış, elektrik xətləri yenilənmiş, dirəklər rənglənmiş, sayğaclar quraşdırılmış, kadr potensialı yüksəlmiş, mütərəqqi metodların tətbiqi diqqət mərkəzində olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu günlərdə Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan 110\35\6 kilovoltluq “Binəqədi” yarımstansiyasının açılışında iştirak etmişdir. “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verərək bildirmişdir ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatına fasilələrin yaranmasına səbəb olurdu. İndi bu stansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək istifadəyə verilmişdir.

İşğaldan azad olunan ərazilərdə elektrik enerjisi ilə təminat da qənaətləndiricidir. Prezident İlham Əliyevin 2020-ci il 29 oktyabr tarixli fərmanının icrası ilə əlaqədar olaraq həmin ərazilərin elektrik enerjisi ilə təminatı sahəsi ilə bağlı “Azərişıq” ASC tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki, 35 kilovoltluq Tərtər-İsmayılbəyli hava xəttinin düşmən atəşi nəticəsində dağıdılmış 15 kilometrlik hissəsi yenidən çəkilmiş, Ağdam rayonunda yararsız hala salınmış 110 kilovoltluq 2 dövrəli Təzəkənd hava xətti 13 kilometr məsafədə bərpa edilərək istifadəyə verilib, Füzuli rayonunda elektrik enerjisi ilə təmin olunmayan ərazilərə 9 kilometr uzunluğunda 10 kilovotluq yeni elektrik hava xətti çəkilib, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Cəbrayıl kəndinə 20 kilometr uzunluğunda 10 kilovotluq hava xətti təmir olunaraq şəbəkəyə qoşulmuşdur. Həmçinin, Böyük Mərcanlı kəndindən Hərəkül kəndində yerləşən 35\10 kilovoltluq yarımstansiyaya qədər 25 kilometr uzunluğunda 10 kilovoltluq hava xətti bərpa olunaraq Cəbrayıl şəhərində vacib obyektlərə elektrik enerjisi verilib.

Cəbrayıl rayonunun Hərəkül kəndində yerləşən 35\10 kilovoltluq yarımstansiyadan Hadrut qəsəbəsindəki 35\10 kilovoltluq yarımstansiyaya qədər 17 kilometr uzunluğunda 35 kilovotlluq hava xətti bərpa edilib və Hadrut qəsəbəsində bir neçə ərazi elektrik enerjisi ilə təmin olunub.

Cəbrayıl rayonunun İran İslam Respublikası ilə sərhədində Sərhəd Qoşunlarının hava xətləri və 78 ədəd güc transfarmatoru bərpa edilib və işğaldan azad olunmuş ərazilərdə digər işlər də həyata keçirilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Güləbird kəndində olarkən demişdir: “Bu gün mən azad edilmiş torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi azad edilmiş torpaqları tezliklə bərpa etməkdir ki, insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin. Bərpa işləri sırasında elektrik təchizatı, əlbəttə ki, xüsusi yer tutuir. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” ASC artıq Şuşa şəhərinə elektrik xəttini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin emək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksək gərginlikli xətlər çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir”.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7, 8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər də təqdirəlayiqdir.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə gur işıqlarımız yanacaq, hər yan nura qərq olacaq, energetiklərin hünəri, fədakar əməyi ilə göstərilən enerji xidməti dünya standartları səviyyəsinə qaldırılacaqdır

Qədir ASLAN,

“Respublika”.