Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi
Siyasət

Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqləndi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş görüşdə ölkəmiz diplomatik sahədə növbəti uğur qazandı

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dostluq, tərəfdaşlıq münasibətləri əsasında daha da möhkəmlənir, inkişaf edir. Bu münasibətlərin qurulmasında, əlaqələrin genişlənməsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel xüsusi olaraq səy göstərir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, iki ölkə arasında Azərbaycanın təklif etdiyi 5 baza prinsipi əsasında sülh müqaviləsinin imzalanması, ölkələrin sərhədlərinin delimitasiya və demarkasiyasının aparılması, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi və s. məsələlərdə obyektiv, qərəzsiz mövqedən çıxış edən Avropa İttifaqı regionda sülhün, əmin-amanlığın təmin olunmasına mühüm töhfələr verir.

Belə ki, ötən il dekabrın 14-də, bu il aprel ayının 6-sı, may ayının 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərin təşəbbüskarı da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel olmuş və bununla da Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarı olduğunu və bu gün də iki ölkə arasında əməkdaşlığın dərinləşməsi və bölgədə xalqların sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşamasının təşviq edilməsinə sadiqliyini nümayiş etdirmişdir. Görüşlərdə Avropa İttifaqı Şurası Prezidentinin qərəzsiz və bitərəf mövqedə olması Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına zəmin yaratmışdır. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafına və  sülhün, təhlükəsizliyin təmin olunmasına səy göstərən, birgə iqtisadi əməkdaşlıq platforması yaradılması təklifini irəli sürən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş bütün  görüşlərdə Azərbaycanın haqlı mövqeyi bir daha təsdiqlənmişdir.

Ötən il dekabr ayının 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunmuş, eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdı. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair verdiyi bəyanatla Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasının, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasının və 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr Soçi görüşlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyini qeyd etmişdir. Üçtərəfli görüşdə həmçinin Aİ-nin İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın həyata keçirdiyi minatəmizləmə və işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinə texniki yardım göstərməyə və iki ölkə arasında sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusda çıxış etməyə hazır olduğu vurğulanmışdır. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılması, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılması üçün Aİ-nin  iqtisadi və investisiya resursları vasitəsilə bu layihələrin reallaşmasına dəstəyinin mümkünlüyünü də qeyd etmişdir. Dəmir yolu xəttinin çəkilməsi, həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlı prinsip əsasında təşkil olunacağı məsələləri də əsas mövzu olmuşdur.

Aprel ayının 6-da da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında növbəti görüş keçirilmişdir. Ötən il dekabrın 14-də keçirilmiş ilk görüşün davamı olan budəfəki görüşün də böyük əhəmiyyət kəsb etdiyi vurğulanmış, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsi, sərhədlərin delimitasiya və demarkasiyası məqsədilə  Birgə Komissiyanın yaradılması qərara alınmışdır. Azərbaycanın maraqları və eyni zamanda bölgənin sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış addım olan ikinci üçtərəfli görüşdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi və iqtisadi məşvərət şurası mexanizminin qurulması da təsdiq olunmuşdur. Regionda təhlükəsizlik, sülh, əmin- amanlıq məsələlərinin müzakirəsi ötənilki görüşdə əsası qoyulan Brüssel sülh gündəliyinin əsas tərkib hissəsi olmuşdur. Üçtərəfli görüşün nəticələrinə dair verilən bəyanatda ötən il 26 noyabr tarixli Soçi Bəyanatına müvafiq olaraq bu il aprel ayının sonunadək Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və hər iki ölkənin sərhəd xətti boyu və onun yaxınlığında sabit, təhlükəsiz vəziyyətin təmin edilməsi məqsədilə Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılığın əldə olunduğu da bildirilmişdir.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə mayın 22-də Belçika Krallığının paytaxtı Brüsseldə işgüzar səfərdə olan dövlət başçımız Aİ Şurasının Prezidenti ilə təkbətək görüşü zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, nəqliyyat dəhlizlərinin açılmasına, sərhədlərin delimitasiyası və demarkasiyasına Avropa İttifaqının göstərdiyi səyləri  yüksək qiymətləndirmiş, bu formatda üçüncü dəfə keçirilən görüşdən gözləntilərin böyük olduğunu vurğulamışdır.

Üçüncü dəfə keçirilən müzakirələrdə əsas diqqət Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında  mövcud münasibətlərə, bütövlükdə regiondakı vəziyyətə yönəlmişdir. Tərəflər əvvəlki görüşlərdə olduğu kimi, bu dəfə də Azərbaycanın işğaldan azad etdiyi ərazilərində minaların təmizlənməsi, Ermənistan-Azərbaycan müharibəsi zamanı saxlanılanların azad edilməsi məsələlərinə də toxunmuşlar. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata açıqlamasında müzakirələrin olduqca səmimi şəraitdə keçdiyini bildirmiş və yaxın günlərdə dövlətlərarası sərhəddə delimitasiya və demarkasiya ilə bağlı sərhəd komissiyalarının birinci birgə iclasının baş tutacağını və bölgədə sülhün, əmin-amanlığın təmin olunması yollarının müzakirə ediləcəyini diqqətə çatdırmışdır.

Aİ Şurasının Prezidenti ölkə başçılarının kommunikasiyaların açılması məsələlərinin davam etdirilməsi, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarının tənzimlənməsi və bu kontekstdə sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəldiklərini bildirmişdir. Mətbuata açıqlama verən Şarl Mişel hər iki ölkə arasında davamlı sülhün bərqərar olması üçün İqtisadi Məşvərət Qrupunun fəaliyyətinin genişlənməsinə Avropa İttifaqının öz dəstəyini gücləndirməyə hazır olduğunu bildirmiş və bu ilin iyul-avqust aylarında eyni formatda görüşün nəzərdə tutulduğunu bəyan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayının 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığının paytaxtı Brüsseldə 4-cü dəfə görüşüblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış etmiş və budəfəki görüşdə Cənubi Qafqazda son hadisələr və Avropa İttifaqı ilə hər iki ölkə arasındakı münasibətlərin müzakirə olunduğunu bildirmişdir. Aİ Şurasının Prezidenti görüşdən məmnunluğunu ifadə edərək tərəflərə təşəkkür etmiş, gündəlikdəki bütün məsələlərin nəzərdən keçirildiyini bildirmiş və bununla da bu formatda baş tutan 4-cü görüşün məhsuldar olduğunu diqqətə çatdırmışdır.

Avropa İttifaqı Şurasının Prezidenti avqustun 31-də keçirilən görüşdə sülh razılaşması, humanitar, sərhəd və kommunikasiya məsələləri istiqamətində bəzi addımların atıldığını yüksək qiymətləndirmişdir. O, iki ölkə arasında sülh müqaviləsinin bağlanması posesinin sürətləndirilməsi ilə bağlı razılığa gəlindiyini və ölkələrin xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verildiyini bildirmişdir. Humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, əsir və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələrin aparıldığını bildirən Aİ Şurasının Prezidenti Avropa İttifaqının bu məsələlərlə davamlı şəkildə məşğul olacağını demişdir.

Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəldiyini deyən Şarl Mişel sərhədlərin delimitasiyası ilə bağlı sabit vəziyyətin təmin edildiyini və eyni zamanda nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələrin ətraflı nəzərdən keçirildiyini bəyan etmişdir.

Belçika Krallığının paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən hər bir görüşdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən ölkəmizin haqlı mövqeyi dəstəklənmiş, Ermənistandan fərqli olaraq Azərbaycanın sülh, əmin-amanlıq tərəfdarı olduğu təsdiqlənmişdir. Avqustun 31-də keçirilən dördüncü üçtərəfli görüşdə də Ermənistanın regionda sülhün bərqərar olunmasına, əməkdaşlığın inkişafına qarşı cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etdi. Belə ki, görüşdə bir ay müddətində hər iki ölkənin Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Ən əsası isə sülh müqaviləsinin rəsmi Bakının irəli sürdüyü və Ermənistanın qəbul etdiyi beş prinsip əsasında imzalanacağı bildirildi. Eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçilik Avropa İttifaqı tərəfindən reallaşdırılır.

Mehparə ƏLİYEVA,

"Respublika".