AZƏRBAYCANIN HƏRBİ-İQTİSADİ GÜCÜNÜN NÜMAYİŞİ
SİYASƏT

AZƏRBAYCANIN HƏRBİ-İQTİSADİ GÜCÜNÜN NÜMAYİŞİ

Hərbi paradlar ölkəni və xalqı qorumaq üçün dövlətin tədarük etdiyi silah-sursatın, ən zəruri və müasir texniki vasitələrin nümayişi olmaqla yanaşı, həm də tarixi ənənələrə ehtiramın təcəssümü, əhalidə öz təhlükəsizliyinə inam və yüksək vətənpərvərlik duyğusu yaradan möhtəşəm bir tədbirdir. Azərbaycanın müstəqil dövlətçiliyi dövrünün ilk hərbi paradı 1918-ci il sentyabrın 16-da Bakını erməni-bolşevik istilasından xilas edən türk və azərbaycanlı hərbçilərin qalibiyyət yürüşü olub. Bundan bir il sonra cümhuriyyət hökuməti özünün ilk hərbi paradını keçirib. Ötən əsrin axırlarında müstəqillik bərpa edildikdən sonrakı dövrdə isə bir neçə hərbi parad təşkil olunsa da, bunların arasında 2018-ci il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə paytaxtın Azadlıq meydanında keçirilən hərbi parad xüsusi yer tutur. Ötən il dekabrın 10-da yenə həmin məkanda təşkil olunan Zəfər paradı isə müstəqil dövlətçilik tariximizin ən möhtəşəm hadisəsi oldu...

Silahlı Qüvvələrin 100 illik yubileyində Azadlıq meydanında keçirilən hərbi paradda nümayiş olunan silahlar və hərbi texnika işğalçı Ermənistanda böyük qorxu və çaşqınlıq yaratmışdı. Artıq o zaman düşmən otuz illik təcavüzkar və cinayətkar fəaliyyətinin cəzasız qalmayacağını anlayırdı. 2016-cı ilin dördgünlük Aprel döyüşləri, sonra isə Naxçıvanın Günnüt kəndinin nəzarətə götürülməsi əməliyyatı ordumuzun daim artan gücünün göstəricisi idi. Ermənistanın Rusiyadan hədiyyə kimi qəbul etdiyi “İsgəndər” raketlərinə cavab olaraq, Azərbaycanın öz beynəlxalq nüfuzu və büdcəsi hesabına xarici dövlətlərdən satın alaraq, ordumuzun arsenalına daxil etdiyi İsrail istehsalı LORA, Belarus-Çin istehsalı “Polonez” raket əleyhinə müdafiə sistemləri, ABŞ istehsalı “Bell-412” hərbi helikopterləri və digər silah-sursat, hərbi texnikaları düşməni vahiməyə salmışdı. İşğalçılar yaxşı dərk edirdilər ki, Azərbaycan bu silahları nümayiş üçün almayıb və nə vaxtsa real döyüş şəraitində onlardan istifadə edəcək.

Hərbi paradda çıxışı zamanı işğal faktı ilə barışmağın mümkünsüzlüyünü bir daha bəyan edən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyirdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcəkdir. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir. Güclü ordunu yaratmaq üçün güclü iqtisadiyyatımız olmalıdır. Biz bu istiqamətdə çox fəal işləmişik. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız 3,2 dəfə artıb. İqtisadi potensialına görə Azərbaycan bu gün özünü çox rahat hiss edir. Bütün aparıcı beynəlxalq təşkilatların reytinqlərində Azərbaycan ən qabaqcıl yerlərdədir. İnkişafda olan ölkələrin arasında Azərbaycan inkişafına görə dünya miqyasında üçüncü yerdədir. Biz öz hesabımıza yaşayırıq, heç bir yerdən yardım almırıq. Buna ehtiyac da yoxdur. Öz zəhmətimizlə qazanılan vəsaiti ölkə qarşısında duran əsas məqsədlərin həllinə yönəldirik. Onların arasında ordu quruculuğu birinci yerdədir”.

Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində 2003-cü ildən sonrakı dövrdə Azərbaycan özünün hərbi xərclərini 15 dəfə artırıb. Ordumuz xaricdən ən müasir silahlar və hərbi texnika almaqla yanaşı, yerli müdafiə sənayesinin istehsalı olan hərbi təyinatlı məhsullarla da öz arsenalını gücləndirir. Dövlətimizin başçısının təşəbbüsü ilə yenidən formalaşdırılan müdafiə sənayesi kompleksinə daxil olan 20-dən çox hərbi zavodda 1200 adda hərbi təyinatlı müxtəlif məhsullar istehsal olunur.

Dünyada beynəlxalq hüququn işləmədiyini və buna görə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmadığını bildirən Prezident İlham Əliyev məhz güc amilinin əsas faktor olduğunu, ölkəmizin də bu istiqamətdə zəruri tədbirlər gördüyünü açıq şəkildə bəyan edirdi. Dövlətimizin başçısı hərbi paradın tribunasından bütün dünyaya mesaj verərək deyirdi: “Bu siyasəti biz uzun illərdir ki, aparırıq. Bu hərbi potensialı biz bir ilə əldə etməmişik. Bir neçə il ərzində ardıcıl siyasət nəticəsində, o cümlədən dost ölkələrlə səmərəli əlaqələr sayəsində biz dünyanın ən müasir silahlarını əldə etmişik və bu proses davam etdiriləcəkdir. Bundan sonra da Azərbaycan ən müasir silah və texnikanı alacaq. Buna nail olmaq üçün bizim dost ölkələrlə çox səmərəli əlaqələrimiz var. Bizim böyük maliyyə resurslarımız və güclü iradəmiz var”.

Paraddakı çıxışını Prezident, Ali Baş Komandan İlham Əliyev bu sözlərlə yekunlaşdırmışdı: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Azərbaycanın öz hərbi potensialını nümayiş etdirdikdən sonra istər yerli, istərsə də xarici ekspertlərin gəldiyi yekdil qənaət belə idi: regionda və dünyada beynəlxalq hərbi-siyasi şərtlər uyğun olan kimi Azərbaycan Ordusu bircə həmlədə ölkənin ərazi bütövlüyünü bərpa edəcəkdir.

Ekspertlər yanılmadılar: hərbi paradda nümunələri bütün dünyaya nümayiş etdirilən silah və texnikaları rəşadətli ordumuz cəmi iki il üç aydan sonra təcavüzkar Ermənistanın işğalçı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə başladığı əks-həmlə əməliyyatında, real döyüşdə uğurla tətbiq edərək Qarabağda zəfər yürüşünə çıxdı. Aralarında otuz il əvvəl analarının qucağında ata-baba torpağından çıxmış və indi tankların, döyüş maşınlarının üstündə həmin yerlərə qayıdan gənclərin də olduğu qəhrəman hərbçilərimiz cəsarətlə düşmən üzərinə yeridilər. “Dəmir yumruq” əməliyyatının davam etdiyi 44 gün ərzində Ali Baş Komandanın əmrlərini şərəflə yerinə yetirən silahlı qüvvələrimiz dayanmadan daim irəliləyərək düşmənə sarsıdıcı zərbələr vurub, doğma torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər işğaldan azad etdi. Əziz və qədim Şuşanın mənfur düşmənin əlindən alınması ilə Ermənistan ordusunun beli qırıldı və işğalçı ölkənin bədnam rəhbərliyi təslim aktını imzalamaq məcburiyyətində qaldı. Ötən il noyabrın 9-da imzalanan üçtərəfli Bəyanat nəticəsində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi.

Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən paradda vüqarla addımlayan, müxtəlif qoşun növlərində şərəflə xidmət edən əsgər, gizir və zabitlərimizin böyük əksəriyyəti 44 günlük Vətən müharibəsində misilsiz igidliklər göstərdilər. Onların bir çoxu vətənimizin azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldı və ya sağlamlığını itirərək qazilik məqamına yüksəldi. Hərbi paradda tribuna önündən keçərək Vətənə, xalqa, dövlətə, Ali Baş Komandana və Heydər Əliyev ideyalarına öz sədaqətlərini bir daha bildirən igidlər -  Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin və Dəniz Piyadaları bölmələrinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Vətən müharibəsində əsl qəhrəmanlıq dastanı yazdılar.

Ötən il Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi sosial şəbəkə hesabında Silahlı Qüvvələr Günü ilə bağlı etdiyi paylaşımda yazmışdı: “Ordumuzun gücü Azərbaycan xalqının ona olan inamında və dəstəyindədir. Hər bir Azərbaycan əsgəri xalqımızın qürur mənbəyidir”. Bundan cəmi bir neçə ay sonra ordumuz, əsgər və zabitlərimiz xalqımızın inam və dəstəyini doğrultdular.

Onu da qeyd edək ki, Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən paradda Azərbaycanın nümayiş etdirdiyi hərbi və iqtisadi güc Ermənistanı qorxuya salsa da, onu işğaldan əl çəkməyə vadar edə bilmədi. Çünki son otuz ilə yaxın müddətdə bu terrorçu dövlət təkcə öz əhalisini deyil, dünya erməniliyini və ermənipərəst qüvvələri də ordusunun “məğlubedilməzliyi”nə, erməni hərbçilərinin “yenilməzliyi”nə inandırmışdı. Bu və digər erməni miflərini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində məhv etdi, puça çıxardı. Bütün dünya gördü ki, erməni əsgəri qorxaq, erməni generalı ləyaqətsiz, erməni hərbi texnikası köhnə və yararsızdır.

Ötən il dekabrın 10-da Bakıda keçirilən və Vətən müharibəsində Qələbəyə həsr olunan möhtəşəm Zəfər paradı Azərbaycanın hərbi-iqtisadi, xalqımızın mənəvi gücünün, eyni zamanda 44 günlük Vətən müharibəsində də, ondan əvvəl və sonra da daim yanımızda olan qardaş Türkiyə ilə birliyimizin növbəti nümayişi oldu. Paradda dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak edirdilər. Azadlıq meydanında toplaşanlar Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdilər, onlara rəhmət dilədilər.

Üç min nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin tribuna önündən keçdiyi paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Türkiyə hərbçilərindən ibarət heyət də tribuna önündən keçdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev paradın tarixi əhəmiyyətini öz çıxışında belə ifadə etdi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı təsirli çıxışında Azərbaycanın qələbəsinə görə keçirdiyi sevinc hissini ifadə edərkən dedi: “Beləliklə, qardaşım İlham Əliyev mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq qoyduğu arzusunu da yerinə yetirdi. Qarabağı Ana Vətənə qovuşduran Azərbaycan Ordusunun hərbçilərini təbrik edirəm. Bu Zəfər gününüzdə sizlərlə birlikdə olmaqdan böyük bəxtiyarlıq duyuruq”.

Azərbaycan və Türkiyə prezidentlərinin paraddakı çıxışları bölgədə və dünyada geniş əks-səda doğurdu. Dünyanın nüfuzlu telekanalları, informasiya agentlikləri, qəzetləri Zəfər paradını geniş şəkildə işıqlandırdılar. Zəfər paradında tamaşaçı kimi iştirak etmiş rusiyalı məşhur jurnalist və politoloq Maksim Şevçenko isə Azərbaycanın müharibədə ədalətli qələbə qazandığını, qalib Azərbaycan Ordusu ilə hesablaşmamağın mümkünsüzlüyünü qeyd edərək deyib: “İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük Qələbəsi bəşəriyyətin tarixini dəyişəcək”.

Düşməndən qənimət götürülən və bir qismi Zəfər paradında nümayiş etdirilən hərbi texnikalar bu il aprelin 12-də Bakıda açılmış Hərbi Qənimətlər Parkının daimi eksponatları oldu. Parkda bunlarla yanaşı, Ermənistan ordusu tərəfindən keçmiş işğal ərazisində qurulmuş müdafiə sədləri də nümayiş olunur. Hərbi Qənimətlər Parkına gələnlər Azərbaycan Ordusunun, Silahlı Qüvvələrimizin gücünü və iradəsini görürlər. Görürlər ki, Qələbəni əldə etmək nə qədər çətin olub. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlubiyyətə uğratdılar.

...Azərbaycan bu gün də öz hərbi gücünü artırır və bunu heç kimdən də gizlətmir. Dövlətimizin başçısı bu il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında hərbçilərlə görüşündə deyib: “Ancaq biz artıq Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qanını aldıq və qisasımızı döyüş meydanında aldıq. Amma bununla bərabər, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir. O cümlədən bizim hərbi gücümüz artacaq”. Azərbaycanın hərbi və iqtisadi gücünün artması xalqımızın təhlükəsizliyini təmin edəcək, işğaldan azad edilmiş ərazilərdə, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, çiçəklənməsinə şərait yaradacaqdır. Bu gücü və qüdrəti nümayiş etdirən möhtəşəm hərbi paradları bundan sonra da qürurla, fərəh hissi ilə izləyəcəyimizə əminik.

Möhtərəm RƏCƏBOVA,

“Respublika”.