Azərbaycanın işğaldan azad etdiyi ərazilərində aparılan faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edilib
Siyasət

Azərbaycanın işğaldan azad etdiyi ərazilərində aparılan faktaraşdırıcı missiyanın yekunlarına dair bəyanat qəbul edilib

Sentyabrın 18-də İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti Ombudsman Aparatında mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması faktları və həyata keçirilmiş ekoloji terrorun nəticələri müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən müharibəsi dövründə Türkiyə və Pakistanın göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti Şərəf Malkoç dəvətə görə Səbinə Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, İƏT OA-nın nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi faktaraşdırıcı missiyanın nəticələri əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək. Ş.Malkoç, həmçinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Assosiasiyanın Baş katibinin müşaviri Muhammed Caved Qani çıxışında səfərlə bağlı təəssüratlarını bölüşüb. Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinin dağıdıldığını, dini və mədəni abidələrinin məhv edildiyini gördüklərini bildirib.

Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərdə sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqinin, eyni zamanda, həyata keçirilən faktaraşdırıcı missiyanın nəticələri, xüsusilə toplanılan sübutlar müzakirə edilib.

Mətbuat konfransının sonunda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edilib.

AZƏRTAC