Azərbaycanın mədəniyyət naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda olub
İQTİSADİYYAT

Azərbaycanın mədəniyyət naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda olub

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İrana səfər çərçivəsində Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunu ziyarət edib.

AZƏRTAC xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri və Mədəniyyət İnstitutunun prezidenti Murodjon Buriboyev Anar Kərimova qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər.

Bildirilib ki, 1995-ci ildən fəaliyyət göstərən Mədəniyyət İnstitutunun əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etməkdir. Xüsrav Noziri Azərbaycanın gələcəkdə Mədəniyyət İnstitutuna üzv olacağına ümidvar olduğunu bildirib.

Mədəniyyət naziri bu institutun fəaliyyəti ilə bağlı təqdim olunan ətraflı məlumata görə təşəkkür edib. Həmçinin Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən olduğunu bildirərək, Mədəniyyət İnstitutuna da ölkəmizin üzvlüyünün nəzərdən keçiriləcəyini söyləyib.

Sonra müştərək mədəni irs, humanitar sahələrdə sıx əməkdaşlıq, mədəni mübadilə proqramlarının, muzey və digər istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC