Azərbaycanın mədəniyyət naziri Tbilisi Dövlət Peşəkar Dram Teatrının kollektivi ilə görüşüb
Mədəniyyət

Azərbaycanın mədəniyyət naziri Tbilisi Dövlət Peşəkar Dram Teatrının kollektivi ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyulun 7-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına baş çəkib.

AZƏRTAC xəbər verir ki, nazir mədəniyyət ocağının yerləşdiyi binanın vəziyyəti və fəaliyyəti ilə tanış olub.

Teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib ki, ümumi ərazisi  814 kvadratmetr olan bina teatr üçün yararsızdır. Binada yalnız məşqlər keçirilir, tamaşalar isə icarə əsasında Gürcüstanın digər dövlət teatrlarının səhnələrində nümayiş etdirilir.

Bədii rəhbər kollektivin il ərzində 3-4 tamaşanı səhnələşdirdiyini, beynəlxalq teatr festivallarına qatıldıqlarını, mədəniyyət ocağına teatr sənətinə həvəsi olan azərbaycanlı gənclərin cəlb olunduğunu qeyd edib.

A.Kərimov teatrın səhnələrinə, rekvizitlərin saxlanıldığı otaqlara baxış keçirib, truppa üzvləri ilə görüşüb.

Qonaqlara teatrın kiçik səhnəsində Əziz Nesinin “Öldür məni sevgilim” əsəri əsasında hazırlanmaqda olan tamaşadan bir hissə təqdim olunub.

Nümayəndə heyəti daha sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin binası yaxınlığında, Qorgosali küçəsində Azərbaycan teatrı üçün yeni binanın inşa olunacağı əraziyə baş çəkib. Nazir “Socar Energy Georgia” şirkətinin dəstəyi ilə hazırlanan yeni tikilinin layihəsi ilə tanış olub.

Məlumat verilib ki, inşaat işləri zamanı ərazidə yerləşən köhnə hamam binası da tarixi görkəminə uyğun bərpa olunacaq və məkanda sərgi zalları yaradılacaq.

Daha sonra nazir Anar Kərimov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dahi bəstəkar və müğənni, Xalq artisti Bülbülün büstünü ziyarət ediblər.

A.Kərimovu Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, səfir Faiq Quliyev və “Socar Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov müşayiət ediblər.

AZƏRTAC