Azərbaycanın müdafiə naziri bir sıra görüşlər keçirib
Digər xəbərlər

Azərbaycanın müdafiə naziri bir sıra görüşlər keçirib

İsrail

Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov sərgidə iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin "Rafael" şirkətinin rəhbəri cənab Yoav Har-Even ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyi xüsusi vurğulanıb.


Qazaxıstan

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.


Bosniya və Herseqovina

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Bosniya və Herseqovina Respublikasının müdafiə naziri cənab Sifet Podçiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili və digər məsələlər müzakirə edilib.


Belarus

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə gələn Belarus Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.


Ruanda

Sentyabrın 6-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Ruanda Respublikasının müdafiə naziri general-mayor Murasira Albert ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

AZƏRTAC