Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət heyət Ukraynadan qonşu ölkələrə gələn vətəndaşlarımıza köməyi davam etdirir
Digər xəbərlər

Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət heyət Ukraynadan qonşu ölkələrə gələn vətəndaşlarımıza köməyi davam etdirir

Xəbər verdiyimiz kimi, Azərbaycanın müvafiq dövlət orqanlarının nümayəndələrindən ibarət heyət Ukraynadan qonşu ölkələrə gələn vətəndaşlarımıza köməyi davam etdirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dövlət orqanlarının nümayəndələrindən ibarət Moldovada fəaliyyət göstərən qurumlararası əlaqələndirmə mərkəzinin tərkibində olan Fövqəladə Hallar Nazirliyinin (FHN) həkim, psixoloq, tibb bacılarından ibarət heyəti Moldovada Azərbaycan vətəndaşlarının müvəqqəti yerləşdikləri düşərgələri, evləri və digər məntəqələri ziyarət edir, müayinələr aparır, xəstələrə və sarsıntı keçirən insanlara tibbi və psixoloji yardım göstərir.

Vətəndaşlarımız indiyədək həkim heyətinə səhhətləri ilə bağlı bir çox müraciətlər ünvanlayıblar. Onların hər birinə fərdi yanaşılır, bütün mümkün tibbi yardım edilir.

Görülən işlər çərçivəsində Moldovada bir ailəyə də kömək göstərilib. Belə ki, Moldovaya sığınan bir ailə sağlamlıqları ilə bağlı həkim heyətinə müraciət edib. Müraciətə əsasən, həkim və psixoloq qrupu ailənin yerləşdiyi ünvana gedərək ailə üzvlərini müayinə edib, onları dərman vasitələri ilə təmin edib və müvafiq tövsiyələr verib.

Vətəndaşlarımız göstərilən diqqətə və köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

AZƏRTAC