AZƏRBAYCANIN NADİR VƏ TƏKRARSIZ İNCİSİ
Siyasət

AZƏRBAYCANIN NADİR VƏ TƏKRARSIZ İNCİSİ

Şuşa şəhərində tarixi abidələrin bərpası mədəni irsimizə və milli təfəkkürümüzə ehtiram nümunəsidir

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün Vətən müharibəsinin 44 günü ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini - öz ərazilərini azad etmək hüququnu əldə rəhbər tutub uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirərək düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını dağıtmaqla yanaşı, yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və bu da Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya müstəvisində də uğurlarımızı şərtləndirdi.

Qədim Azərbaycan şəhəri olan Şuşanın işğaldan azad edilməsi tarixi Zəfərimizin zirvəsi kimi dəyərləndirilə bilər. Çünki nəinki Qarabağ, bütövlükdə Azərbaycan üçün Şuşa şəhərinin xüsusi önəmi vardır. Şuşa qalası uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olmuşdur. Tarixi mənbələrə görə, 1750-ci ildə hündür, sıldırım dağ üstündə qalanın inşasına başlandı və 1756-1757-ci illərdə tikilib başa çatdırıldı. Qarabağ xanı Pənahəli xan Şuşanı paytaxt elan edib oranı möhkəmləndirmiş, qala-şəhərə çevirmişdi. Şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılmışdır. Şəhər qısa müddət ərzində xeyli böyümüş, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb etmişdi.

Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Şuşalı tacirlər Təbriz, Tehran, İsfahan, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Leypsiq, London, Mançester, Marsel və başqa şəhərlərlə ticarət əlaqələri saxlayırdı.

1873-cü ildə Vyana şəhərində açılmış beynəlxalq sərgidə Şuşanı təmsil edən nümayəndələr də iştirak etmiş və onların sərgidə nümayiş etdirdikləri eksponatlar xaricilərdə dərin maraq oyatmışdı. 1882-ci ildə İ.Drozdov “Kavkazski sbornik” kitabında yazırdı: “Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 insanın 24 min 522 nəfəri Şuşanın payına düşür”. Bununla yanaşı, Şuşanın gözəl təbiəti, coğrafi mövqeyi, xüsusilə çox mühüm strateji əhəmiyyətli qala olmasını bir sıra tədqiqatçılar dəfələrlə bildirmişlər. Məşhur klimatoloqlar dəniz səthindən 1403 metr hündürlükdə yerləşən mühüm əhəmiyyətli şəhərin iqlim şəraitini, fauna və florasını dəqiq yoxladıqdan sonra mülayim təbiətli Şuşanın böyük müalicəvi əhəmiyyətli bir şəhər olduğunu söyləmişdilər.

Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən, eləcə də Azərbaycanın və dünyanın heç bir yerində bitməyən “Xarıbülbül” adlı gül bitir. Bu endemik gül həm gözəl, həm də müalicəvidir. May-iyun aylarında çiçək açır. Bu nadir çiçəyə ən çox Cıdır düzündə, Topxana meşəsində, Üçmıx zirvəsində, dağ yamaclarında, çay kənarlarında rast gəlinir.

Artıq XIX əsrin ikinci yarısında Şuşa şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 minə çatmışdı. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər müəllim və b. olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi, təhsili və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.

Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa tanınmış elm və mədəniyyət xadimlərinin vətəni hesab edilir. Heç də təsadüfi deyildir ki, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Mir Möhsün Nəvvab, Əbdürrəhim bəy Haqverdiyev, Qasım bəy Zakir, Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Həmidə xanım Cavanşir, Bədəl bəy Bədəlbəyli, Əhməd bəy Ağayev, Ceyhun bəy Hacıbəyli, Səməd bəy Mehmandarov, Fərəc bəy Ağayev, Yaqub Quliyev və onlarla dünya şöhrətli xadimlərin həyatında məhz Şuşa mühitinin mühüm rolu olmuşdur.

Ümummilli lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı ulu öndərin milli ədəbiyyata, tarixə, mədəniyyətə böyük marağının təzahürü idi. Məhz bu səfər çərçivəsində ulu öndər Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş vermiş və həmin ilin 29 iyul - 3 avqust tarixlərində Şuşada Vaqif Poeziya Günləri keçirilmişdi.

Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı.

Prezident cənab İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.

Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.

Molla Pənah Vaqif öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi olub. Onun yaradıcılığı özünəməxsus realist ədəbi-estetik mövqeyi ilə seçilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilmiş tədbirdə səslənən şeirlər də, oxunan mahnılar da Vaqif ruhuna çox yaxın idi.

Bu, Azərbaycan tarixində möhtəşəm bir tədbir idi. Bir il əvvəl heç kim inanmazdı ki, Şuşada Vaqif Poeziya Günləri keçiriləcək. Biz bunu yalnız istəklərimizdə, xəyallarımızda canlandıra bilərdik. Ancaq Tanrının hökmü ilə zaman qısa bir müddət ərzində dəyişdi, bizə yuxu kimi görünən bu arzu dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun şücaəti, qəhrəmanlığı sayəsində reallaşdı.

Bu günlər həmin tədbirdə iştirak edən insanların, hər bir sıravi Azərbaycan vətəndaşının həyatına, yaddaşına qızıl hərflərlə yazıldı. Poeziya günləri ənənəvi olaraq 1982-ci ildən qeyd olunsa da, erməni işğalının başlanması ilə buna ara verildi. Torpaqlarımız işğaldan azad edildikdən sonra cənab Prezidentin göstərişi ilə Vaqifin məqbərəsi yenidən bərpa olundu, poeziya günlərinin keçirilməsi ilə bağlı qərar verildi.

Torpaqlarımız Ermənistanın işğalından azad olunduqdan sonra Azərbaycanın mədəni inkişafında yeni dövr başlayıb. Xalqımıza məxsus tarixi abidələrin bərpası, ənənəvi tədbirlərin yenidən və daha möhtəşəm qeyd olunması böyük qayıdışın təntənəsidir. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yenidən ucaldılması bütövlükdə Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir.

2018-ci ilin avqustunda Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sərsəmləməsi cəzasız qala bilməzdi. Cəmi üç il keçdi, elə avqust ayında düşmənə göz dağı olan, onun əsl yerini göstərən bir mənzərənin şahidi olduq. Azərbaycan əsgərinin şanlı qələbəsinin ardınca mədəniyyət xadimlərimiz Şuşanı fəth edirlər, bu, mədəni irsimizə və milli təfəkkürə ehtiramın dövlət tərəfindən təzahürüdür. Böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin həyatında olduqca mühüm hadisədir və tarixə düşəcək tədbirdir. Prezident öz çıxışında xatırlatdı ki, sovet ideologiyası xanlıqları tarixin qara ləkəsi kimi qələmə verirdi. Yəni Qarabağ xanının vəziri olmuş Vaqif də “qara siyahı”da idi. Deməli, belə bir durumda Vaqifə böyük sayğı və ehtiram göstərilməsinin özü də riskliydi, amma bu addımlar atılmışdı...

Cənab Prezident böyük məmnunluq hissi ilə demişdir: “Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. Zəfər yolu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilib. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Şuşaya suyun verilməsi bərpa olundu. İndi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi. Bu məscidlərin təmirini yenə də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. Natəvan bulağı bərpa edildi, indi su gəlir. “Xarıbülbül” hoteli istifadəyə verildi, artıq may-iyun aylarında ilk qonaqlarını qəbul etdi”.

Prezidentin aşağıdakı fikirlərindən isə aydın olur ki, şuşalılar mütləq doğma şəhərlərinə qısa müddətdə qayıdacaqlar və bu prosesə artıq başlanılıb: “Şuşanın baş planı əsasında birinci mərhələdə 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar. Bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir və şuşalılar Şuşaya qayıdırlar. Həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, eyni zamanda, burada artıq açılmış obyektlərdə şuşalılar işlə təmin edilir”.

Bu gün tam əminliklə deyə bilərik ki, dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, sərkərdəlik məharəti, Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi istənilən çətin, bəlkə də mümkünsüz görünə biləcək işləri də mümkünə döndərmək qüdrətindədir. Həm Azərbaycan xalqı, həm də dünya birliyi bunun canlı şahididir.

Emin QASIMOV,

“Respublika”.