Azərbaycanın növbəti strateji qələbəsi
Siyasət

Azərbaycanın növbəti strateji qələbəsi

"Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək. Heç kim bunu unutmamalıdır. İndi onların bəzi hallarda göndərdikləri yaltaqlıqla dolu sözlərinə inanmaq olmaz. Buna inanmaq istəyən, bax, bu mənzərəni göz önünə gətirsin, dağıdılmış Ağdamı, Füzulini, Şuşanı, Kəlbəcəri, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı göz önünə gətirsin. Erməni vəhşilərin əməlləri göz qabağındadır...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra Kəlbəcərə ilk səfəri zamanı bildirib.

Ermənilər heç zaman dəyişməyəcək. Bunu zaman göstərir. Vətən müharibəsindəki acı məğlubiyyəti də ona dərs olmadı. Dövlət sərhədində təxribatlar törətməkdə davam edirlər. Bu ilin yanvar ayından başlayaraq təxribatlar daha da intensivləşib. Yanvarın əvvəllərində Ermənistan silahlı qüvvələrinin bölməsi Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində, həmçinin Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmsəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa Koxanəli və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən ordumuzun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutmuşdu. Ermənistanın heç bir səbəb olmadan və müvafiq üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüra idi. Düşmənin bu təxribatına adekvat və mütənasib cavab verən Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və hərbi texnika baxımından itki vermədən ermənilərin həmləsinin qarşısını almışdı. Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi boyunca qəsdən vəziyyətin yenidən gərginləşdirilməsi cəhdlərinin təkrarlana biləcəyini istisna etməyərək Azərbaycan Ordusunun bölmələri gücləndirilmiş rejimdə ölkəmizin suveren ərazilərini və sərhədlərinin təhlükəsizliyini qorumaq istiqamətində səfərbər edilmişdi.

Fevral ayında ermənilər daha bir təxribat törətdilər. Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə erməni separatçıları Azərbaycan hərbi kalonunun qarşısını almağa cəhd göstərdilər. Hərbi kalon Ağdərədən Kəlbəcərə tikinti materialları daşıyırdı. Ekspertlər belə hadisələr baş verdiyi hallarda Azərbaycan hökumətinin sərt tədbirlərə əl atmasının vacibliyini vurğulamışdılar. Onlar qeyd edirdilər ki, Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan Xüsusi Təyinatlılar bu yerləri yaxşı tanıyır. Erməni separatçıları belə təxribatlar törətdiyi təqdirdə, XTQ mütləq onları aradan qaldırmalıdır. Bunların nazı ilə çox oynamaq olmaz. Qışın sərt günlərində yük maşınları 3000 metr yüksəklikdə Kəlbəcərə ağır yük daşıyırlar. Əgər Rusiya sülhməramlıları işinin öhdəsindən gələ bilmirlərsə və ya gəlmək istəmirlərsə, onda Azərbaycan Silahlı Qüvvələri bu öhdəliyi üzərinə götürsün. Bunların öhdəsindən yalnız Azərbaycan əsgərləri gələ bilər. Ermənistan təxribatçılarının yenidən cəzalandırılmasının vaxtı çatıb.

Mart ayının 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan ordusunun bölmələrinə qarşı yenidən təxribat törətməyə cəhd göstərdilər. Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edildi. Beləliklə, deyə bilərik ki, ermənilərin Azərbaycan ərazisində təxribatlar törətməsi birinci dəfə deyil. Belə hadisələr çox olub. Azərbaycan həmişə belə hadisələrə siyasi təmkinlilik nümayiş etdirib. Lakin bu səbrin də bir sonu var. Ermənilər belə təxribatlar törətməklə odla oynadıqlarını anlamırlar. Bilirlər ki, belə təxribatların davam etdiyi təqdirdə, Azərbaycan ordusu antiterror əməliyyatları həyata keçirmək məcburiyyətində olacaq.

Bu il avqustun əvvəllərində Ermənistan Kəlbəcər istiqamətindəki sərhəd məntəqələrində atəşkəsi pozaraq bununla cəmiyyətimizdə psixoloji gərginlik yaratmağa çalışdı. Bu, həm də Azərbaycan Silahlı Qüvvələrinin komandanlığının bir növ "nəbzini" yoxlamaq demək idi. Təbii ki, onlar eyni zamanda diqqəti təxribat törədiləcək zonadan yayındırmaq istəyirdilər.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tiflisdə keçirilən görüşündə rəsmi İrəvan destruktiv mövqe nümayiş etdirmiş, ancaq Prezident İlham Əliyevin konkret və qəti mesajları qarşısında ortamı yumşaltmaq üçün bir-iki gün sonra Qarabağa çağırışçılar göndərməyəcəyini, Xankəndi və çevrəsindəki əsgərlərini isə demobilizasiya edəcəyini açıqlamışdı. Ancaq bu, məsələyə səthi yanaşma idi və heç şübhəsiz, İkinci Qarabağ savaşının qalibi kimi Azərbaycanı qane edə bilməzdi. Odur ki, Azərbaycan üçtərəfli Bəyanata əsasən hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan torpaqlarımızla bağlı İrəvanın qarşısında iki məsələ qaldırdı və onların konkret həllini istədi: Qarabağda erməni silahlı qruplarının tam ləğvi; Laçın-Xankəndi yolu üzrə marşrutun dəyişdirilməsi.

Ermənistan bu tələblərin heç birini yer

inə yetirmək istəmədi, məsələləri uzatmağa, yeni status-kvo yaratmağa çalışdı. Beləliklə, 10 noyabr 2020-ci ildən sonra tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla "münaqişə bitməyib" mesajı verməyə cəhd etdi. Bu mesajın Qırxqız dağlarındakı yüksəklikləri ələ keçirməklə "təzələnməsi" Ermənistana ona görə lazım idi ki, danışıqlarda Qarabağın erməni silahlı qruplarının nəzarətində olmadığından dəm vursun və Laçın-Xankəndi yolu üzrə marşrutun dəyişdirilməsi üçün Azərbaycanın yaratdığı real şəraiti pozsun. Ermənistan məhz bu məqsədlə hərbi təxribat törətdi, mövqelərimizə cinah hücumları gerçəkləşdirdi, ordumuzun bir əsgəri şəhid oldu. Silahlı Qüvvələrimiz "Qisas" antiterror əməliyyatı ilə düşmənin layiqli cavabını verdi.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsi idi. Bu hadisə, əslində 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə eynilik təşkil edir. Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasətə xalqımız dəstək verir. Əli silah tutan vətənpərvər insanlar özünü Vətənin əsgəri hesab edir və düşmənin ölkəmizə qarşı uzanan təkcə qanlı faşist və terrorçuəllərini deyil, qollarını da kökündən kəsib atmağa hər zaman hazırdır.

Azərbaycan bu dəfə də Ermənistanın hərbi-siyasi təxribatına cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı.

Ermənilər "öz ənənələrinə" sadiq qalaraq bu dəfə də mülki əhalini hədəf seçdi, onların arasında da yaralanan vətəndaşlarımız var. Şəhidlər verdik, lakin Azərbaycan Ordusu həmişəki kimi, mətinlik nümayiş etdirərək daha bir strateji qələbəmizi təmin etdi.

Zümrüd QURBANQIZI,

"Respublika".