Azərbaycanın paralimpiya yığmasının və nümayəndə heyətinin Tokioya yola salınması mərasimi keçirilib
İdman

Azərbaycanın paralimpiya yığmasının və nümayəndə heyətinin Tokioya yola salınması mərasimi keçirilib

Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Milli Paralimpiya komandasının 38 nəfərdən ibarət ən böyük heyəti avqustun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Yaponiyaya yola salınıb.

AZƏRTAC xəbər verir ki, yolasalma mərasimində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov, komitənin rəsmiləri, Gənclər və İdman Nazirliyinin rəsmisi Fərid Mansurov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Qarabağ müharibəsi qaziləri, idmansevərlər və KİV nümayəndələri iştirak ediblər.

AMPK-nın prezidenti İlqar Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitə prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.

Qarabağ qazisi Elşən Cəbiyev Azərbaycan bayrağını paralimpiyaçılarımıza təqdim edib və onlara respublikamızın hüdudlarından çox-çox uzaqda - Gündoğar ölkədə aparacaqları mübarizədə uğurlar arzulayıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Paralimpiadanın açılış mərasimi avqustun 24-də Tokio Milli Olimpiya Stadionunda keçiriləcək. Mötəbər yarışda üçrəngli bayrağımızı ikiqat Paralimpiya çempionu, “Bakı-2015” ilk Avropa Oyunlarının qalibi və yığmanın kapitanı İlham Zəkiyev aparacaq.

Qeyd edək ki, XVI  Yay Paralimpiya Oyunları avqustun 24-dən sentyabrın 5-dək Tokioda  keçiriləcək.

AZƏRTAC