Azərbaycanın parlament nümayəndə heyəti Türkiyənin xarici işlər naziri ilə görüşüb
Siyasət

Azərbaycanın parlament nümayəndə heyəti Türkiyənin xarici işlər naziri ilə görüşüb

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət parlament nümayəndə heyətinin Türkiyəyə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, iyulun 13-də Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın parlament nümayəndə heyəti ilə görüşüb.

Nümayəndə heyətinin Ankaraya səfəri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti əsasında həyata keçirilir.

Deputatlar səfər çərçivəsində 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar.

Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.

Bundan başqa, Azərbaycan parlamentinin nümayəndələri Anıtqəbri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.

Səfər iyulun 16-da başa çatacaq.

AZƏRTAC