Azərbaycanın prinsipial mövqeyi, diplomatik uğuru: Lissabon sammiti
Siyasət

Azərbaycanın prinsipial mövqeyi, diplomatik uğuru: Lissabon sammiti

2-4 dekabr 1996-cı ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı keçirildi. Azərbaycanın zorla cəlb olunduğu münaqişənin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev çevik və dəqiq diplomatik gedişləri sayəsində Azərbaycanın dünya birliyi tərəfindən müdafiəsinə nail oldu. Ermənistan istisna olmaqla, ATƏT-in üzvü olan 53 Avropa ölkəsi Azərbaycanın milli mənafelərini əks etdirən prinsipləri açıq şəkildə dəstəklədi. Bununla da münaqişənin sülh yolu ilə həlli üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən ədalətli hüquqi bünövrə yaradıldı və vasitəçilərin vəzifələri müəyyən olundu.

Sammitin yekun sənədində münaqişənin nizamlanmasının üç prinsipini əks etdirən bənd yer almışdı: Azərbaycanın ərazi bütövlüyü bərpa edilir, Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilir, bölgənin hər iki icmasının təhlükəsizliyi təmin olunur. Lakin Ermənistan konsensus prinsipindən sui-istifadə edərək həmin maddəyə razılıq vermədi. Prezident Heydər Əliyev isə cavab addımı olaraq bütövlükdə sammitin yekun sənədinə veto qoyacağını bildirdi. Münaqişənin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu ATƏT-in Lissabon sammitində Heydər Əliyev öz veto hüququndan istifadə edərək, adi silahların məhdudlaşdırılması ilə bağlı ATƏT-in bütün yekun sənədlərinə, həmçinin Avropada təhlükəsizlik konsepsiyasına aid olan sənədlərə veto qoydu. Lissabon sammitində məşhur veto qarşıdurmasında ümummilli liderimiz Heydər Əliyevin qalib gəlməsi nəticəsində münaqişənin həllinin əsas prinsipləri qəbul edilmişdir. Ermənistan sammitdə təklənmiş, təcrid olunmuş, pat vəziyyətində qalmışdı. Bununla öz parlaq diplomatiya məharətini bütün dünyaya nümayiş etdirən dahi liderimiz Heydər Əliyev ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə bu prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında səsləndirilməsinə nail olmuşdur.

Lissabon şəhərində ATƏT-in növbəti zirvə toplantısı münaqişənin həlli istiqamətində respublikamızın dövlət maraqlarının tam təmin olunduğu siyasi tədbir kimi tarixə düşdü. Lissabon sammiti Azərbaycan üçün Budapeşt Zirvə görüşündən daha əhəmiyyətli idi. Zirvə toplantısının Azərbaycanla bağlı əsl mahiyyətini və əhəmiyyətini Azərbaycan Prezidenti Heydər Əliyev Zirvə görüşünə yola düşməzdən qabaq, 1996-cı il noyabrın 30-da Binə Hava Limanında jurnalistlərə bəyanatında bildirmişdi. Heydər Əliyev bu Zirvə görüşünə böyük əhəmiyyət verdiyini, sammit ərəfəsində Helsinkidə, Vyanada fəaliyyət göstərildiyi və Azərbaycan nümayəndə heyətinin günlərlə Lissabonda işlədiyi haqda məlumat vermişdi. Prezident, həmçinin Budapeştdən Lissabona qədər keçən dövrü də müsbət qiymətləndirmişdi.

Heydər Əliyev Lissabon sammitindəki çıxışında Ermənistan prezidentinə və xalqına sülh çağırışları etmiş və ATƏT-in bütün üzvlərini məsələnin həllinə kömək etməyə çağırmışdı: "Mən ATƏT-in Lissabon Zirvə görüşünün iştirakçısı olan dövlət və hökumət başçılarına üz tutub onlardan xahiş edirəm ki, Avropada sürəkli və viranedici münaqişələrdən biri olan Ermənistan- Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün səylərini əsirgəməsinlər". ATƏT-in Lissabon sammitində qəbul olunmuş tarixi qərar Ermənistan üçün ağır zərbə oldu. Ermənistanın etirazlarına baxmayaraq, münaqişənin nizama salınmasının baza formulu məhz bu görüşdə müəyyən edildi. Sammitin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qaytarılması məsələlərindən söhbət gedirdi.

Tarix həmişə sübut edib ki, Heydər Əliyevin müəllifliyi ilə atılan istənilən addım Azərbaycanın dövlət və milli maraqlarını bütün siyasi dövrlərdə layiqincə və qətiyyətlə təmin edib. 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev o dövrdə Azərbaycanın hələ də beynəlxalq təcrid vəziyyətində, informasiya blokadasında olmasına baxmayaraq, Ermənistanın işğal siyasətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi üçün yorulmadan çalışırdı. Bunun nəticəsidir ki, 1993-ci ilin iyul-oktyabr aylarında BMT Təhlükəsizlik Şurasının iclaslarında Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 3 qətnamə qəbul olunmuşdu. BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin, eləcə də BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələrinə uyğun olaraq, işğalçı qoşunların Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilirdi.

Heydər Əliyev Lissabon Zirvə görüşündə fəaliyyəti, məlum prinsiplərin qəbul etdirilməsi istiqamətində mübarizəsi haqda 5 dekabr 1996-cı ildə Bakıya qayıdarkən təyyarədə jurnalistlərə də ətraflı məlumat vermişdi. Bakıya qayıtdıqdan sonra 1996-cı il dekabrın 6-da ictimaiyyət nümayəndələri ilə görüşündə Heydər Əliyev münaqişənin həlli istiqamətində Budapeşt sammitindən Lissabon görüşünə qədər keçilən yolu ətraflı təsvir etmişdi. 1994-cü il dekabrın 6-7-də ATƏT-in Macarıstanın paytaxtı Budapeşt şəhərində Zirvə görüşündə Heydər Əliyev Azərbaycanın sülh danışıqlarındakı mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış, münaqişənin yalnız və yalnız respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü bəyan etmişdi. Budapeşt Zirvə görüşü ATƏT-in Heydər Əliyevin iştirakı ilə keçirilən ilk görüşü idi. Zirvə görüşündə münaqişə ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdu. Budapeşt Zirvə görüşündən sonra isə münaqişənin həlli ilə əlaqədar danışıqlar yenidən güclənmişdi.

Mustafa KAMAL,

"Respublika".