AZƏRBAYCANIN QÜDRƏTİNİN, TARİXİ QƏLƏBƏSİNİN PARLAQ TƏCƏSSÜMÜ
Siyasət

AZƏRBAYCANIN QÜDRƏTİNİN, TARİXİ QƏLƏBƏSİNİN PARLAQ TƏCƏSSÜMÜ

10 noyabr Bəyanatının imzalanmasından iki il ötür

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinə ən şanlı səhifə yazılmışdır. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu sonradan "Dəmir yumruq" adı ilə tanınmış əks-hücum əməliyyatına başlayıb. 44 gün davam edən Vətən müharibəsi otuz ilə yaxın işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə başa çatıb. Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi və möhkəm siyasi iradəsi sayəsində qazanılan Böyük Zəfər hər bir Azərbaycan vətəndaşının qürur və iftixar mənbəyidir.

44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qüdrəti qarşısında tab gətirə bilməyən, silahlı qüvvələri tamamilə darmadağın edilərək biabırçı məğlubiyyətini etiraf etməli olduğu erməni faşistləri 2020-ci il noyabrın 10-u kapitulyasiya aktı imzalamaq məcburiyyətində qaldı.

Müharibənin ilk günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək bildirdi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi bir neçə istiqamətdən atəşə tutub, mülki əhali arasında itkilər var. Dövlət başçısı müraciətində vurğulayıb ki, Azərbaycan ordusu düşmənin hərbi mövqelərini cavab atəşinə tutub, zərbələr endirilib, Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.

Saat 15:00 radələrində dövlətimizin başçısının sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi və iclasda Prezident İlham Əliyev Azərbaycan Ordusunun Silahlı Qüvvələrinə verdiyi tapşırıqlar əsasında genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bildirdi.

Uğurlu əks-hücum əməliyyatının ilk saatlarından düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yarıb keçən Azərbaycan ordusu Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, eləcə də Horadiz və Qərvənd kəndlərini işğaldan azad edib. Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəkliklər azad olundu.

Oktyabrın 3-də "Dəmir yumruq" əməliyyatını uğurla davam etdirən Azərbaycan ordusu şimal cəbhəsində strateji əhəmiyyətli Madagiz kəndini azad edib. Bu sevindirici xəbəri tvitterdə xalqımıza çatdıran dövlət başçısı kəndin tarixi adını da bərpa etdi - Suqovuşan.

Ordumuz oktyabrın 4-də Cəbrayıl şəhərini, oktyabrın 9-da isə Hadrut kəndini düşməndən təmizləyib. Əməliyyatların elə ilk günlərində Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi" mifini darmadağın edən rəşadətli ordumuz oktyabrın 17-də Azərbaycan bayrağını Füzuli şəhərində dalğalandırdı. 18 Oktyabr - Müstəqillik Günündə Azərbaycanın üçrəngli bayrağı Xudafərin körpüsü üzərində dalğalanmağa başlayıb. İki gün sonra, oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edildi. Silahlı qüvvələrimiz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini azad edib. Bu əməliyyatın ən mühüm nəticələrindən biri Ermənistanı Qarabağdakı separatçılarla birləşdirən əsas magistral yolun nəzarətə götürülməsi oldu. Oktyabrın 28-dən noyabrın 7-dək 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan ordusunun növbəti hədəfi qədim Şuşa şəhərinin işğaldan azad edilməsi oldu.

Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biri olan ən çətin Şuşa əməliyyatını uğurla başa vuran qəhrəman ordumuz noyabr ayının 8-də şəhəri işğaldan azad etdi. Azərbaycan ordusunun komandanlığı landşaftın və seçilən marşrutun nəqliyyat vasitələri üçün uyğunsuzluğunu, eləcə də gözlənilməz istiqamətdən düşmənə zərbə endirməsinin əhəmiyyətini nəzərə alaraq cəsarətli qərar qəbul edib. Qəhrəman əsgər və zabitlərimiz Qarabağın sıx meşələrində onlarla kilometr uzunluğunda Şuşaya qədər ağır yol qət etdilər. Sonralar Müzəffər Ali Baş Komandanın Qələbə Yolu adlandırılacaq həmin yolla irəliləyən Azərbaycan xüsusi təyinatlıları Şuşanın sıldırım qayalarına dırmaşaraq, hətta yaralı yoldaşlarını çiyinlərində belə daşıyaraq bir neçə istiqamətdən şəhərə daxil oldular. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi hissələrimizin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları pusquya düşən erməni əsgərlərinin son müqavimətini məharətlə qırdı.

Şuşanın azad edilməsi erməni ordusunun müqavimət gücünü tamamilə yox etdi. Nəticədə əməliyyatdan bir gün sonra, noyabrın 9-da Azərbaycan ordusu daha 71 kənd, bir qəsəbə və 8 strateji yüksəkliyi düşməndən təmizləyib.

Sentyabrın 27-də Qarabağda başlayan Azərbaycan ordusunun uğurlu əks-əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Bu, müasir hərb tarixində misli görünməmiş uğurlu qısamüddətli hərbi əməliyyat idi. Əminliklə deyə bilərik ki, Ermənistan ordusu tamamilə məhv edildi, düşmənin 3,8 milyard dollar dəyərində silah və sursatı tam sıradan çıxarıldı.

Beləliklə, döyüş meydanında da, diplomatiya müstəvisində də ağır məğlubiyyət almış Ermənistanın rəhbərliyi təslim aktına imza atmağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanat imzaladılar. Bununla da hərbi əməliyyatlar Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Həmin bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verib. Nəticədə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

XXI əsrin yüksək texnoloji müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hazırda dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Cəmi 44 gündə ən çətin relyefdə ən müasir hərbi silahlardan istifadə etməklə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Zəfər qazanan Azərbaycan ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. İlk gündən düşmənin müdafiə xəttini darmadağın edən ordumuz sonrakı 44 gündə yalnız irəlilədi.

Azərbaycan hərbçiləri yüksək məharətlə müasir döyüş strategiyasında pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə, dünya hərbi strategiyasına mühüm dəyişikliklər etdi. İkinci Qarabağ müharibəsinə qədər PUA-lardan belə miqyasda və yüksək effektivliklə, səmərəli istifadə olunmurdu.

Şuşanın azad edilməsi əməliyyatından danışan Prezident cənab İlham Əliyev bu əməliyyatın dünya hərb tarixində xüsusi yer tutacağını qeyd etmişdi. Çünki bu unikal əməliyyatı yalnız yüngül silahlarla silahlanmış, dağlardan, meşələrdən, qayalardan keçən qəhrəman döyüşçülərimiz həyata keçirib.

Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı Zəfərin əsasında dövlət başçımızın siyasi iradəsi, idarəçilik istedadı, əsgər və zabitlərimizin qəhrəmanlığı, vətənpərvərliyi, xalq-iqtidar birliyi dayanır.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunmuş Qələbə Paradı keçirilmişdir. Paradda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevlə bərabər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etdi. Paradda rəşadətli Azərbaycan ordusunun şəxsi heyəti və hərbi texnikasının bir hissəsi, eləcə də düşməndən götürülmüş hərbi qənimətlər, Şuşada dalğalandırılmış Qələbə Bayrağı nümayiş etdirilmişdi.

Bütün müharibələrdə qazanılan böyük qələbələrin əsasında duran amil xalq-dövlət-ordu sarsılmaz birliyi təmin edilməsi ilə bağlıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının sarsılmaz birliyini, xalqımızın doğma torpaqlarının azadlığı uğrunda öz dahi Lideri ətrafında birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, eləcə də Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına fədakarcasına qarşı çıxıblar. Müharibənin gedişatında xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları öz etnik, sosial və dini mənsubiyyətindən asılı olmayaraq inanılmaz həmrəylik göstərdi, həm ön, həm də arxa cəbhədə tam monolit birlik yaradıldı.

Dövlət başçısı cənab İlham Əliyevin yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar əldə edildi. Müharibə illərində Prezident İlham Əliyev dünyanın ən böyük media strukturlarına 30-dan çox müsahibə verib, beynəlxalq ictimaiyyətə münaqişə ilə bağlı əsl həqiqətləri çatdırıb. Bir sıra beynəlxalq təşkilatlar, Azərbaycana dost dövlətlər ədalətli mübarizəmizə böyük dəstək verib. Bunlara Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, qardaş Türkiyə, eləcə də Pakistan, İsrail, Böyük Britaniya və digər ölkələr daxildir. 44 günlük Qarabağ müharibəsi zamanı həm Qoşulmama Hərəkatında iştirak edən ölkələrin, həm də bundan əvvəl qeyd etdiyimiz aparıcı dövlətlərin prinsipial mövqeyi sayəsində BMT Təhlükəsizlik Şurasında ölkəmizin maraqlarına zidd olan qətnamə layihəsinin qəbulunun qarşısı alınıb.

Beləliklə, 10 noyabr Bəyanatının imzalanması təkcə Azərbaycanın möhtəşəm tarixi Zəfərini rəsmiləşdirmədi, həm də düşmənə, onun ikiüzlü havadarlarına xalqımızın milli həmrəyliyini, sarsılmaz xalq-iqtidar birliyini, respublikamızda yaşayan bütün xalqların bir bayraq altında hansı gücə çevrildiyini nümayiş etdirdi. Şübhəsiz, sözügedən bəyanat - faktiki erməni faşistlərinin kapitulyasiya aktı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Emin QASIMOV,

"Respublika".