Azərbaycanın təşəbbüsləri regionda təhlükəsizliyi, sabitliyi və sülh şəraitində inkişafı təmin edir
Siyasət

Azərbaycanın təşəbbüsləri regionda təhlükəsizliyi, sabitliyi və sülh şəraitində inkişafı təmin edir

Ölkəmizin beş bənddən ibarət təklifi münasibətlərin normallaşdırılmasının təməl prinsipləridir

2022-ci il 6 aprel tarixində Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüş həm də mühüm gözləntilərin olması baxımından diqqəti cəlb edirdi. Aparılan müzakirələrin faydalı olacağına ümid çox idi. Vacib və müsbət hadisə kimi qiymətləndirilən bu görüş Cənubi Qafqazda çoxdandır gözlənilən sülhün bərqərar olmasına inam yaradır.

Rəsmi Bakının Brüssel görüşündən bir müddət əvvəl Ermənistanla sülh danışıqları üçün vacib olan 5 mühüm maddədən ibarət təklifləri səsləndirməsi üçtərəfli görüşə Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi əsas söz sahibi olaraq yola düşdüyünü açıq formada büruzə verirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin danışıqların nəticələri barədə mətbuata verdiyi açıqlamadan da məlum olur ki, görüş konstruktiv keçib. Əslində, Nikol Paşinyan Azərbaycanın irəli sürdüyü, regionda sabitlik, təhlükəsizlik və inkişaf üçün vacib olan beş maddəlik təklifi qəbul edib. Bu baxımdan Brüssel görüşü İlham Əliyevin siyasi qələbəsinin növbəti və vacib mərhələsidir. Prezident İlham Əliyevin irəli sürdüyü sülh modeli təkcə Azərbaycan deyil, bütün region dövlətlərinin təhlükəsizliyi və inkişafı üçün açar rolunu oynayır.

6 aprel görüşünün üçtərəfli əsasda dörd saat yarımdan artıq davam etməsi müzakirələrin detallı getdiyini göstərir. Azərbaycanın isə sülh müqaviləsi danışıqları ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bu mövqe 5 maddədən ibarət təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasıdır. Sənədin əsas və vacib məqamı isə Azərbaycanın ərazi bütövlüyüdür. Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycan strateji diplomatiyasının növbəti uğuru, eyni zamanda postmüharibə reallıqlarını  artıq dünyanın da qəbul etməsidir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında əksini tapan məsələlər də postmüharibə mərhələsi üçün Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir.

Bu baza prinsiplər beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. Qeyd edək ki, bu formatda ilk üçtərəfli görüş 14 dekabr 2021-ci ildə keçirilib və bununla da nəticə etibarilə, Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Görüşdən sonra birgə mətbuat konfransında İlham Əliyev deyib ki, baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə edib. "Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistandan xoş məram olsa, biz təklif etdiyimiz kimi, iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik" fikrini bəyan edən dövlət başçısı İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə işgüzar səfərindən sonra tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib.

 Üçtərəfli görüşdən sonra Şarl Mişelin mətbuata verdiyi bəyanatda səsləndirdiyi fikirlər nələrə xüsusi diqqət ayrıldığını deməyə imkan verir. Tərəflərin hələ 2021-ci ilin 14 dekabr tarixində baş tutan birgə görüşünün davamı olaraq keçirilən bu görüş, bölgədəki vəziyyətin müzakirəsi, o cümlədən bölgənin təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün yekunlarına dair yaydığı açıqlamada qeyd olunur ki, görüş zamanı postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatın müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviqi üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Beləliklə də Aİ Şurası Prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşü Azərbaycanın maraqlarına uyğun olaraq və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafının təmin olunması istiqamətində atılmış növbəti önəmli addımdır.

Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında ilk diqqəti çəkən məqam həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyanın sülh müqaviləsinin reallaşması üçün öz istəklərini bəyan etməsi və bu məqsədlə hər iki ölkə XİN rəhbərlərinə müvafiq tapşırıqların verilməsinə dair hissədir. Bu isə o anlama gəlir ki, Ermənistan Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklifi qəbul edib. Burada isə ən əsas məqam Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması idi. Bəyanatda istər sülhün təmin edilməsi, itkin düşmüş şəxslər və onların taleyinə aydınlıq, humanitar minatəmizləmə səylərinə dəstək, istərsə də sərhədlərin demarkasiya və delimitasiyası, kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı edilən bütün çağırışlar ölkəmizin ədalətli mövqeyini ortaya qoyaraq regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Diqqətçəkən daha bir məqam isə bəyanatda və danışıqlarda ATƏT və onun Minsk Qrupunun ümumiyyətlə, xatırlanmaması, onun əvəzinə hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi gerçəkliyidir. Başqa sözlə, sənəddə Dağlıq Qarabağ ifadəsi və ya keçmişin qalığı olan Minsk qrupunun həmsədrlik institutuna istinad yoxdur. Hər hansı status əsla xatırladılmır, tam əksinə, regionda yaşayan bütün insanların rifahı naminə sülhə ehtiyac olduğu vurğulanır. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranır.

Avropa İttifaqı qərəzsiz tərəfdir, hər iki tərəfin Avropa İttifaqına etimadı var. Avropa İttifaqının qərəzsiz mövqeyi və hər iki tərəfin bu quruma etimadının olması Brüssel formatının yeni mexanizm kimi Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları ehtiva etməsi vacib amildir. Burada xüsusilə Şarl Mişelin Prezident İlham Əliyevlə şəxsi dialoqu və təmasları mühüm şərtdir, danışıqların bu mərhələyə çatmasında bu dialoqun əhəmiyyətli rolu var. Görüşdən sonra Şarl Mişelin bəyanatında kommunikasiyaların, o cümlədən avtomobil nəqliyyatı kommunikasiyasının açılmasının zəruriliyi qeyd edilir. Yəni bəyanatda alqışlanılan dəmir yolu xətti ilə bərabər avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Eyni zamanda vurğulanır ki, Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə, qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Bununla bərabər, bəyanatda minaların təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar paketə daxil olan məsələləri də nəzərə alsaq, deyə bilərik ki, Azərbaycan Brüsseldə istədiyini əldə etdi. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə şəxsi zəmində olan qarşılıqlı etimada söykənən münasibətləri və Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu. Konstruktiv mühitdə keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.

Mustafa KAMAL,

"Respublika".