Azərbaycanın uzunmüddətli sülh hədəfləri
Siyasət

Azərbaycanın uzunmüddətli sülh hədəfləri

Ölkəmiz Cənubi  Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olması naminə konstruktiv addımlar atır

“Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Lakin əlbəttə, hər bir görüşdə biz regionumuzda təhlükəsizliyə, sülhə nail olmaq məsələlərindən yan keçmirik”. Bu fikirləri  Prezident İlham Əliyev Astanada rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib. Dövlət başçısı bildirib ki, “Biz bu gün bu barədə də danışacağıq. Biz uzunmüddətli sülhə hədəflənmişik. Biz hesab edirik ki, nəhayət bu sülhə nail olmaqdan ötrü öz tərəfimizdən kifayət qədər konstruktiv tezislər təklif etmişik.”     

Hazırda Azərbaycanın  irəli sürdüyü 5 prinsip əsasında Cənubi Qafqazda sülh quruculuğu prosesləri davam etdirilir. Bu şərtlərlə sülh müqaviləsinin imzalanması təklifinə Ermənistan tərəfindən siyasi iradə göstəriləcəyi təqdirdə,  irəliləyişə nail olmaq  mümkündür. Bu,  Azərbaycanın qətiyyətli və dəyişməz mövqeyidir. Oktyabrın 6-da Praqada Prezident İlham Əliyevin Avropa Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın Baş naziri ilə Azərbaycan - Ermənistan münasibətlərinin normallaşmasına dair keçirdiyi  dördtərəfli görüşün yekun nəticələri deməyə əsas verir ki, tarixi imza atdı. Dövlət başçısının Praqaya səfəri kifayət qədər uğurlu olmaqla yanaşı, ölkəmizin artan nüfuzunu və ədalətli mövqeyini prinsipial olaraq ortaya qoydu. Həm Azərbaycan-Avropa İttifaqı münasibətləri, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində dövlətimizin başçısının keçirdiyi görüşlər, aparılan müzakirələr bir daha təsdiqlədi ki, ölkəmizin ədalətli mövqeyi dünya birliyi tərəfindən də birmənalı  qəbul olunur və Ermənistanın sülh öhdəliklərini yerinə yetirməkdən başqa yolu yoxdur. Görüşün dövlətimizi və milli maraqlarımızı  təmin etdiyini ölkə başçısının bu barədə fikirləri də təsdiq edir. Verdiyi hər bir sözü, vədi layiqincə yerinə yetirən Prezident İlham Əliyevin polad iradəsi, qətiyyəti, prinsipiallığı sayəsində dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik qələbəsidir.

Bəyanatın müddəaları ölkəmizin maraqlarına tam cavab verir. Ən əsası Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, eyni zamanda, Azərbaycan da Ermənistanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. Ərazi bütövlüyü və suverenliyin tanınması zamanı BMT Nizamnaməsi əsas sənəd kimi götürülüb. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyıb. Görüşün sonunda qəbul edilən bəyanatda  qeyd olunur ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdiriblər və tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır.

 Görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi razılaşdırılıb. Komissiyanın növbəti iclasının oktyabrın sonunda Brüsseldə keçirilməsi qərara alınıb. Alma-Ata Bəyannaməsində deyilir ki, müstəqil dövlətlərin münasibətləri dövlətlərin suverenliyi, öz müqəddəratını təyin etmək hüququ, bərabərlik və daxili işlərə qarışmama prinsipləri, qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Bu o deməkdir ki, rəsmi İrəvan Bakının daxili məsələsi olan Qarabağa dair heç bir məsələyə qarışmayacaq. Sənəddə qeyd olunur ki, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək.

Dövlət başçısı İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib ki, Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Bundan əlavə, Prezident Qarabağda yaşayan ermənilərlə bağlı dövlətimizin aydın mövqeyini ifadə etdi. Bu ermənilər Azərbaycan vətəndaşlarıdır və onlar bütün vətəndaşlar kimi hüquqlardan istifadə edəcəklər. Bu baxımdan, prinsip etibarilə, rəsmi Bakı ölkədəki bütün azlıqların hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşır. Qarabağ erməniləri də bütün hüquqlardan faydalana bilər. Əsas məsələ ermənilərin Qarabağın Azərbaycanın bir parçası olduğunu qəbul edib yuridistikamızı tanımasıdır. Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Görüşdə diqqətçəkən nüanslardan biri Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyi olub. Lakin öz suverenliyinə dəyər verən Azərbaycan qətiyyətlə buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra razılaşdırılıb ki, mülki monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.

 Görüşdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası prosesində keçmiş Sovet İttifaqının xəritələrindən istifadə olunacaq. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Demarkasiyanın qısa müddət ərzində həll oluna biləcək bir məsələ olmadığını bilirik. Lakin Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatiyamızın uğuru Ermənistanın bütün razılaşmalara əməl etməsini təmin edəcək. Ermənistanın hər hansı şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə də mənəvi haqqı var.Sərhədlərin delimitasiyası məsələsində hansısa “kreativlik” göstərməyə ehtiyac yoxdur, sadəcə, beynəlxalq sərhədləri tanımaq lazımdır. Prezidentimizin azad edilmiş ərazilərdəki davamlı təhlükəsizliyin təmini ilə bağlı müəyyənləşdirdiyi fəaliyyət strategiyasının icrasına məsul olan müvafiq dövlət strukturları uğurla işləyir. Sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı prinsipial addımların atılması diqqətdədir. 10 noyabr Bəyanatında Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərə sadiqdir. Ölkə başçımızın daim toxunduğu bir məqamı da vurğulamaq lazımdır. Bu gün Azərbaycan Qafqazda sülhün təşəbbüskarı, təminatçısıdır. Biz öz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur.

Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası prosesi erməniləri işğal altında olan torpaqlarımızı azad etməyimizdən daha çox narahat edir. İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqdan sonra isə məğlubiyyəti və gücsüzlüyü ilə barışmağa məcbur olan ermənilər ən son məqamda belə, öz çirkin xislətlərindən əl çəkməyərək, ərazi qoparmaq, hansısa kəndləri və ya yaşayış məntəqələrini əllərində saxlamağa cəhd göstərirlər. Azərbaycan ərazilərinin böyük hissəsində dövlət sərhədlərimizin qorunması məqsədilə bölgədə möhkəmlənməkdə davam edir. Yeni hərbi hissə, yeni sərhəd zastavası və təhlükəsizliyin təminatı üçün yeni infrastruktur yaradılmaqdadır.  Prezident  İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib: “Ermənistan Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.

Mustafa KAMAL,

“Respublika”.