Azərbaycanın və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Elm və təhsil

Azərbaycanın və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Gürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Emin Əmrullayev Tbilisi Texniki Universitetinin rektoru, müəllim və professor heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, universitetin musiqi kollektivi Azərbaycanın nazirini xüsusi konsert proqramı ilə qarşılayıb.

Rektor David Gurgenidze universitetin fəaliyyəti, beynəlxalq əməkdaşlığı, eləcə də Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlığı barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu universitetdə yerli azərbaycanlılarla yanaşı, Azərbaycandan gəlmiş tələbələr də təhsil alırlar.

Rektor rəhbərlik etdiyi təhsil ocağının Azərbaycanın qabaqcıl universitetləri ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu qeyd edib.

Nazir Emin Əmrullayev bildirib ki, Azərbaycan Gürcüstan ilə təhsil sahəsində əlaqələrin inkişafında maraqlıdır. Gürcüstana səfərin və keçirilən görüşlərin məqsədi elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülməsi vacib məsələləri müzakirə etmək və müvafiq addımlar atmaqdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün tələbə mübadiləsi, professor və müəllimlərin qarşılıqlı səfərlərinin, təcrübə mübadiləsinin təşkilinin vacibliyi vurğulanıb.

AZƏRTAC