Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında görüş olub
Siyasət

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri arasında görüş olub

Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərini yüksək qiymətləndirib. Hər zaman ölkələrimiz arasında münasibətlərin sıx olduğu və dövlət rəhbərlərinin birbaşa iştirakı ilə bu münasibətlərin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

Mövlud Çavuşoğlu öz növbəsində bu səfərin yüksək səviyyədə inkişaf edən ikitərəfli əlaqələr, Şuşa Bəyannaməsinin icrası istiqamətində görülən işlər, habelə çoxtərəfli müstəvilərdə əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Nazir Xocalı qətliamının 30-cu ildönümündə şəhidlərin xatirəsini hörmətlə anıb.

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə mövcud vəziyyətdən danışaraq, üçtərəfli bəyanatların icrası və Azərbaycanın bu xüsusda atdığı addımlardan, delimitasiya prosesindən danışıb, kommunikasiya və nəqliyyat xətlərinin açılmasından bölgənin bütün ölkələrinin faydalanacağını qeyd edib. Nazir işğal amilinin aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edib və bunun üçün ilk növbədə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruriliyini vurğulayıb.

Nazirlər, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı fikir mübadiləsi aparıblar. Bu xüsusda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iqtisadiyyatın bərpa edilməsində və quruculuq işlərinin həyata keçirilməsində qardaş Türkiyənin rolu və fəal iştirakı yüksək qiymətləndirilib.

Tərəflər iki ölkə arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və digər sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, habelə iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər, həmçinin Ukraynada baş verən hadisələr, ölkədəki vəziyyət ilə əlaqədar Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsi, bu xüsusda aparılan əlaqələndirmə işləri barədə fikir mübadiləsi aparıblar.

Görüşdə, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın uğurla davam etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Görüşdən sonra nazirlər brifinq keçiriblər.

AZƏRTAC