Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri ABŞ-ın Oklahoma ştatının qubernatoru ilə görüşüb

İyulun 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın Oklahoma ştatının qubernatoru Kevin Stittin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Oklahoma qubernatorunu səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycanla ABŞ arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edib. ABŞ-ın bu günədək Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu önəmli layihələri, o cümlədən enerji layihələrini dəstəklədiyini qeyd edən nazir ölkəmizin sülhməramlı əməliyyatlarda iştirakı, tərəflər arasında sərhəd təhlükəsizliyi, humanitar və digər sahələrdə əməkdaşlıq barədə məmnunluqla danışıb.

Oklahoma qubernatoru Kevin Stitt Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycan Respublikasının Prezidenti ilə görüşünün çox yaxşı keçirdiyini qeyd edib. Səfər çərçivəsində rəsmi görüşlərlə yanaşı, bölgələrə getmək fürsətinin də olacağını bildirən qubernator, habelə konkret sahələrdə əməkdaşlıq, investisiya perspektivlərini də nəzərdən keçirmək imkanını qeyd edib.

Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixi, beynəlxalq ictimaiyyətin bu xüsusda mövqeyi, 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədəki mövcud vəziyyət, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən qurma işləri barədə ətraflı məlumat verib.

Qarşı tərəfə, həmçinin bölgədə mövcud olan yeni reallıqlar şəraitində Azərbaycan və ABŞ arasında, o cümlədən kənd təsərrüfatı, mədən sənayesi, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlıq imkanları barədə məlumat təqdim edilib.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC