Azərbaycanın xarici işlər naziri Aİ-nin Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi ilə görüşüb
Digər xəbərlər

Azərbaycanın xarici işlər naziri Aİ-nin Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi ilə görüşüb

Noyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətində Avropa İttifaqının və bir sıra üzv ölkələrin ŞT üzrə məsul səfirləri və xüsusi elçiləri təmsil olunub.

Görüşdə nazir Ceyhun Bayramov bu gün müsbət dinamika və intensivliklə xarakterizə olunan Azərbaycan-Aİ əlaqələrinin uğurla inkişaf etdiyini, ölkəmizin Aİ ilə ŞT çərçivəsində istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Aİ tərəfindən ölkəmizə 2 milyard avroluq maliyyə paketinin ayrılmasının Azərbaycan tərəfindən müsbət qarşılandığını, gələcək investisiyaları birgə müəyyən etmək və prioritetləşdirmək üçün yüksək səviyyəli işçi qrupunun yaradılması təşəbbüsünün vacib olduğunu vurğulayıb.

Nazir C.Bayramov Azərbaycanın Aİ arasında bir çox sahələri, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini əhatə edən enerji dialoqunun mövcudluğundan bəhs edib, Aİ-yə qaz nəqlinin iki dəfə artırılmasını nəzərdə tutan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğunu və gələcək əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayan nazir dövriyyənin daha da artırılması imkanlarından bəhs edib.

Nazir C.Bayramov, həmçinin postmünaqişə dövründən söz açaraq Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyi üzrə ölkəmizin baxışları barədə məlumat verib. Digər təşəbbüslərlə yanaşı, Aİ Şurasının Prezidentinin iki ölkə arasında konstruktiv mühitin yaradılması istiqamətində fəaliyyəti qeyd edilib.

Görüşdə, həmçinin mövcud mina təhlükəsi barədə məlumat verilərək problemin aradan qaldırılmasında Avropa İttifaqı və üzv dövlətlər tərəfindən səylərin göstərilməsinin vacibliyi vurğulanıb.

Avropa İttifaqı nümayəndə heyətinin rəhbəri Azərbaycanın bugünkü geosiyasi reallıqlar fonunda enerji təchizatçısı kimi artan rolundan bəhs edərək ölkəmizin Aİ-nin enerji təchizatının şaxələndirilməsinə, Avropa istehlakçılarının fasiləsiz, sərfəli və təmiz enerjiyə çıxışının gücləndirilməsinə töhfəsini yüksək qiymətləndirib.

Həmçinin görüşdə Ermənistan Azərbaycan arasında normallaşma prosesinin ŞT çərçivəsində daha geniş əməkdaşlığa yol açacağından əminlik ifadə olunub. Vətəndaş cəmiyyəti kontekstində ölkəmizin etimad quruculuq tədbirlərində əhəmiyyəti vurğulanıb.

Görüşdə tərəflər, ŞT-nın müasirləşdirilməsi, yeni imkanlar, həmçinin digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.

AZƏRTAC