Azərbaycanın xarici işlər naziri Antalyada küveytli həmkarı ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri Antalyada küveytli həmkarı ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 19-da Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, xarici işlər naziri Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah ilə görüşüb

AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov həm ikitərəfli, həm çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edərək, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlığı yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər bölgədəki mövcud vəziyyət, üçtərəfli bəyanatların icrası, habelə sərhəddə baş verən son gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov münaqişədən sonra regionda mövcud vəziyyət, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma prosesindən danışıb.

Küveyt naziri ölkələrimiz arasında münasibətlərin tarixi köklərə əsaslandığını ifadə edib qarşılıqlı yüksəksəviyyəli səfərlərin bu əlaqələrin inkişafına təkan verəcəyini qeyd edib. O, Azərbaycan Respublikası Hökuməti Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın növbəti iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb.

Tərəflər, həmçinin turizm, təhsil, yüksək texnologiya kibertəhlükəsizlik sahəsində mümkün əməkdaşlıq  imkanları ətrafında fikir mübadiləsi aparıblar.

AZƏRTAC