Azərbaycanın xarici işlər naziri Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri Beynəlxalq Türk Akademiyasının rəhbəri ilə görüşüb

İyunun 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının rəhbəri Darxan Kıdırəli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək dəyərləndirib və Azərbaycanın Akademiyanın işinə verdiyi töhfəni qeyd edib. Türk xalqlarının ortaq tarixi və coğrafiyası ilə bağlı dərsliklərin hazırlanması, habelə Elmi Şuraların fəaliyyəti məmnunluqla qeyd edilib. Nazir Akademiyanın fəaliyyətinə şəxsən D.Kıdırəli tərəfindən verilən töhfənin yüksək qiymətləndirildiyini bildirib.

Darxan Kıdırəli Azərbaycana səfəri çərçivəsində Qlobal Bakı Forumunda iştirakını, Şuşa şəhərinə səfərini məmnunluqla qeyd edib. O, Beynəlxalq Türk Akademiyasının Azərbaycanla bağlı bir sıra layihələrinin olduğunu, o cümlədən Şuşanın 2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı layihələrin nəzərdə tutulduğunu səsləndirib. Azərbaycanın Akademiyanı hər zaman dəstəklədiyini söyləyən Darxan Kıdırəli, bu dəstəyin gələcəkdə Akademiyanın fəaliyyətinin daha da yüksəlməsinə xidmət edəcəyindən əminliyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

AZƏRTAC