Azərbaycanın xarici işlər naziri Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb
SİYASƏT

Azərbaycanın xarici işlər naziri Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Milli Assambleyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov qonaqları salamlayıb və həyata keçirilən səfərin bölgədəki vəziyyətlə bağlı dolğun məlumatın əldə edilməsi ilə yanaşı, ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verə biləcəyini deyib.

Bölgədəki cari vəziyyət, xüsusilə də post-münaqişə mərhələsi barədə qarşı tərəfə ətraflı məlumat verən nazir Milli Assambleya üzvlərinin çoxsaylı suallarını cavablandırıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Fransa münasibətlərinin cari vəziyyəti, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı vəziyyət və bu xüsusda Azərbaycan tərəfindən atılan addımlar, ölkəmizin sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etdiyi təqdirdə, Ermənistan rəsmi dairələri tərəfindən səsləndirilən revanşist bəyanatlar, habelə sərhəd gərginliyi, delimitasiya və demarkasiya prosesinə başlamaqla bağlı Azərbaycanın mövqeyi, bölgədə insan həyatına başlıca təhdid olan mina məsələsi, azad olunmuş ərazilərin bərpası prosesi və bu prosesdə iştirak edən xarici şirkətlər barəsində qarşı tərəfə məlumat verib.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıb.

AZƏRTAC