Azərbaycanın xarici işlər naziri İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb
Siyasət

Azərbaycanın xarici işlər naziri İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

Oktyabrın 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov İƏT Gənclər Forumunun Azərbaycanın İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Bakıda təşkil etdiyi Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin uğurla keçirilməsi münasibətilə qarşı tərəfi təbrik edib. Nazir işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən hazırda həyata keçirilən bərpa və quruculuq işlərinin fövqündə iki mühüm mövzu olan investisiya və mədəniyyət məsələlərinin çoxsaylı xarici iştirakçıların qatıldığı bu tədbirdə diqqət mərkəzinə gətirilməsinin əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçılarının, həmçinin işğaldan azad olunmuş torpaqlara, o cümlədən Şuşa şəhərinə səfər etməsinin, burada Ermənistan tərəfindən onilliklər ərzində törədilmiş qeyri-qanuni fəaliyyət və dağıntılar, eyni zamanda, hazırda Azərbaycan tərəfindən həyata keçirilən quruculuq işləri ilə yerindəcə tanış olmasının önəmi ifadə edilib.

Xarici işlər naziri, habelə İƏT Gənclər Forumunun bu yaxınlarda Baş Assambleya toplantısını keçirməsi və yeni Nizamnamə sənədini qəbul etməsi münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın İƏT Gənclər Forumunun fəaliyyətini bundan sonra da tam şəkildə dəstəkləyəcəyi qeyd olunub.

Taha Ayhan Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimində iştirak etdiyini vurğulayaraq, Azərbaycanın işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin şahidi olduğunu söyləyib. O, Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin çoxsaylı iştirakçılarının azad olunmuş ərazilərə səfərinin, həmçinin Azərbaycanın Qarabağ Zəfərinin gənclərlə, mədəniyyətlə əlaqədar bir zəfər olduğu ismarışının beynəlxalq müstəvidə çatdırılması baxımından önəmli olduğunu qeyd edib.

Söhbət zamanı, həmçinin Gənclər Forumunun geniş fəaliyyəti, təşkilatın Avrasiya üzrə Regional Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər ilə bağlı məlumat verilib.

AZƏRTAC