AZƏRBAYCANIN “YAŞIL ENERJİ” EHTİYATLARI BÖYÜKDÜR
İQTİSADİYYAT

AZƏRBAYCANIN “YAŞIL ENERJİ” EHTİYATLARI BÖYÜKDÜR

Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər, görülmüş mühüm işlər ekologiya sahəsində yeni nailiyyətlərin əldə olunmasına şərait yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2021-2030-cu illəri əhatə edən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə əsasən növbəti onillikdə qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer veriləcək, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq ediləcəkdir. Bu isə istilik effekti yaradan qaz emissiyasının beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaqdır.

Dövlətin iqtisadi inkişafında Milli Prioritet kimi qəbul olunan ətraf mühitin qorunması vəzifəsi iki məqsədin effektiv reallaşdırılmasına xidmət edir: Bu yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması və "yaşıl enerji" məkanının yaradılmasıdır.

Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli üçün 20-dək çoxtərəfli ekoloji tarazlaşmalara qoşulan ölkəmizdə müxtəlif qanunlar, qanunaltı aktlar, texniki-normativ sənədlər və digər normativ-hüquqi aktlar qəbul edilib. Həmçinin, bu sahədə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər həyata keçirilir.

Belə ki, 2013-2017-ci illərdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Avropa İttifaqının Şərq tərəfdaşlığı ölkələrində iqtisadiyyatın ekolojiləşdirilməsi" proqramı (EaP GREEN) çərçivəsində Azərbaycanda iqtisadiyyatın "yaşıl" formasına keçid prosesini sürətləndirməyə dəstək göstərilib, fəaliyyətin davamlılığının təmin edilməsi məqsədilə EU4Environment proqramına start verilib. Proqram Şərq tərəfdaşlığı ölkələrində, o cümlədən Azərbaycanda təbii kapitalın qorunması və daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır. 2019-2022-ci illəri əhatə edən proqram çərçivəsində tərəfdaş ölkələr tərəfindən müəyyənləşdirilmiş nəticələrin əldə edilməsinə 5 icraçı təşkilat - OECD, UNECE, UNEP, UNİDO və Dünya Bankı cəlb edilib.

Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə xarici investorlar da həvəs və inamla qoşulublar. Bu ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisinə start verilib. Daha sonra - martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin reallaşdıracağı "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulub. Külək Elektrik Stansiyasının tikintisinin aparılacağı yerlərdə - Pirəkəşkül və Sitalçayda artıq 6 ədəd külək ölçü-müşahidə stansiyası quraşdırılıb. Stansiyanın enerji şəbəkəsinə qoşulması üçün investorların 3 yeni yarımstansiya tikməsi planlaşdırılır. Bu stansiyalar hesabına ümumilikdə ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət edilməsi, 600 min tona yaxın karbon qazı tullantısının azaldılması gözlənilir.

Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri - 10 min kvadratkilometr ərazini "yaşıl enerji" zonası elan edib. Xatırladaq ki, buraya daxil olan bölgələr 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır. Günəş enerjisi potensialı Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda, külək enerjisi potensialı Laçın və Kəlbəcərin dağlıq ərazilərində müşahidə olunur. Üstəlik, bizim Xəzər dənizi kimi nəhəng bir enerji mənbəyimiz var. Ölkəmizin bərpa olunan enerji istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən də yüksək dəyərləndirilir. Artıq külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanılıb. Bu məsələlər Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunda öz əksini tapıb. Cari ilin sentyabr ayında İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda dövlət başçımız deyib: "Biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və "yaşıl hidrogen" daxildir".

Nurəngiz ADİLQIZI,

"Respublika".