Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq daha da genişlənir
Siyasət

Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq daha da genişlənir

Dekabrın 9-da Bakıda Azərbaycan və Avropa Şurası arasında 20 illik əməkdaşlığa həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir Avropa Şurasının Bakıdakı ofisi, Xarici İşlər Nazirliyi, ADA Universiteti və Universitetin nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə təşkil olunub.

Dəyirmi masa iştirakçılarına videomüraciət ünvanlayan Avropa Şurası Baş katibinin müavini Byorn Berqe tədbirin əhəmiyyətini vurğulayaraq deyib: "Bu, həm Avropa Şurasının, həm də Azərbaycanın əməkdaşlığa və son 20 il ərzində birlikdə gördüyümüz işə sadiqliyini göstərir.

Qeyd edilib ki, Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra qurumun 65 konvensiyasını imzalayıb və ratifikasiya edib, doqquz dəfə isə sazişə qismən qoşulub. Baş katibin müavini Lanzarote Konvensiyasının bu yaxınlarda baş tutan ratifikasiyasından bəhs edib, bu addımın indiki və gələcək gənc nəsillərin sağlamlığı və rifahı üçün əhəmiyyətini vurğulayıb.

B.Berqe bildirib ki, Avropa Şurası Azərbaycanla əməkdaşlıq təşəbbüsləri vasitəsilə Azərbaycanın məişət zorakılığı ilə mübarizə üzrə ilk Milli Fəaliyyət Planına "xüsusən də qadınların daha çox təhlükəsizlik şəraitində yaşaya bilməsi üçün" töhfə verib. "Ədliyyənin daha əlçatan və möhkəm olması üçün" pulsuz hüquqi yardımın göstərilməsi və məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericilik üzərində iş də davam etdirilir.

Azərbaycan Avropa Şurasının Baş katibi və ədliyyə naziri Fikrət Məmmədov tərəfindən bu ilin aprelində işə salınan plan da daxil olmaqla, üç birgə razılaşdırılmış Fəaliyyət Planı vasitəsilə AŞ-ın xüsusi dəstəyindən yararlanıb. Fəaliyyət planının yeni prioritetlərinə ayrı-seçkiliyə qarşı mübarizə, ifadə azadlığı və insan alveri ilə mübarizə daxildir.

Byorn Berqe gələcək əməkdaşlıq imkanlarından danışaraq, əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. O, Bakının mütəmadi olaraq Ümumdünya Forumuna ev sahibliyi etdiyi mədəniyyətlərarası dialoq sahəsini xüsusi qeyd edib.

"Azərbaycanın dinlərarası dialoq üzrə əməkdaşlığımıza yenidən başlamağa böyük marağı olması yüksək qiymətləndirilir.

Avropa hazırda bir sıra ciddi problemlərlə üz-üzədir. Biz irəlilədikcə, Azərbaycan və Avropa Şurası arasında birgə əməkdaşlıq da həmişəkindən daha vacib olacaq", -  B.Berqe çıxışını yekunlaşdırıb.

Açılış sessiyasında xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko və Avropa Şurası Bakıdakı ofisinin rəhbəri Petr Zix iştirak ediblər.

Qeyd olunub ki, dəyirmi masa Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq haqqında məlumatlılığın artırılmasına yönəlmiş daha geniş təşəbbüsün bir hissəsidir. Bu təşəbbüs çərçivəsində Avropa Şurasının Bakıdakı ofisi məhkəmə-hüquq məsələləri ilə bağlı vebinar keçirib. Həmçinin özünün sosial media hesablarında Avropa Şurasının Azərbaycandan olan əməkdaşlarının, habelə ölkəmizin AŞ yanında daimi nümayəndəsinin videomüsahibəsini dərc edib.

Mustafa KAMAL,

“Respublika”.