Azərbaycanla Banqladeş arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanları mövcuddur
Siyasət

Azərbaycanla Banqladeş arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanları mövcuddur

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 24-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarker ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir yeni təyinatı münasibətilə Banqladeş səfirini təbrik edib. O, ölkələrimiz arasında siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu və bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğunu qeyd edib. Azərbaycan və Banqladeşin beynəlxalq platformalarda əməkdaşlığı vurğulanıb.

Səfir Qousal Azam Sarker ölkəsinin ikitərəfli ənənəvi bağlar üzərində qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, siyasi və mədəni sahələrdə münasibətlərin inkişafından məmnunluqla danışıb, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi imkanlarının mövcud olduğunu söyləyib.

Tərəflər iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən insanlararası münasibətlər, təhsil, turizm, sənaye və investisiya sahələrində əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər, xüsusilə qlobal çağırışlara cavab olaraq, o cümlədən pandemiya ilə mübarizədə atılan addımlar, İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində əməkdaşlıq, bu xüsusda Banqladeş tərəfindən keçmiş münaqişə ilə bağlı Azərbaycanın ədalətli mövqeyinə verilən dəstək, habelə digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

AZƏRTAC