Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycanla Bolqarıstan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 31-də Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Prezident Rumen Radev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində həyata keçirilən bu səfərin əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətini qeyd edib. O, dost Azərbaycan ilə əlaqələrin üç onillik ərzində bir çox sahələrdə yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəvət ünvanladığını qeyd edən Bolqarıstan Prezidenti bu səfərin həyata keçirilməsinin yalnız iki ölkə arasında deyil, iki bölgə arasında əlaqələrin daha da genişlənməsinə müsbət töhfə verəcəyini ifadə edib.

Nazir Ceyhun Bayramov qəbula görə təşəkkürünü bildirib və Azərbaycanın dövlət başçısının səmimi salamlarını Bolqarıstan Prezidentinə çatdırıb. Nazir Sofiyada keçirilən ikinci strateji dialoq görüşü çərçivəsində bolqar həmkarı ilə çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib.

Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın enerji sahəsində Bolqarıstanın, eləcə də Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Bolqarıstan Prezidentinə bölgədəki postmünaqişə vəziyyəti barədə, o cümlədən azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, həmçinin sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər barədə məlumat verib. Bolqarıstan tərəfinin azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesinə dəstək olmaq niyyəti yüksək qiymətləndirilib.

Sonda Ceyhun Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin təbrik məktubunu Bolqarıstan Prezidentinə təqdim edib.

AZƏRTAC