Azərbaycanla Çin arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycanla Çin arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb

"Pekin 2022" Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Çində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov fevralın 5-də Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri, nazir Sun Tao ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Pekin şəhərində keçirilən 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasiminin müvəffəqiyyətlə təşkil olunduğunu qeyd edən Əli Əhmədov Oyunlara uğurlar arzulayıb. "Pekin 2022" Qış Olimpiya Oyunlarının başlamasının Çin Yeni ili ilə eyni vaxta təsadüf etməsi ilə əlaqədar Əli Əhmədov həmsöhbətini, həmçinin bu bayram münasibətilə təbrik edib. O, açılış mərasimində ölkəmizin yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunmasını Azərbaycanın Çinlə dostluq və əməkdaşlıq əlaqələrinə verdiyi önəm, eləcə də Olimpiya hərəkatına göstərdiyi dəstək kimi qiymətləndirib.

Sonra Azərbaycanla Çin arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış uğurlu əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrimizin bütün sahələrdə inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin əhəmiyyətinə diqqət yönəldilib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında təşəkkül tapmış yüksəksəviyyəli əməkdaşlıq və fəal dialoqun ölkələrimiz arasında münasibətlərin inkişafında oynadığı rolun əhəmiyyəti qeyd olunaraq, partiyalararası əlaqələrin inkişaf etdirilməsi məqsədilə görülən işlərin yüksələn xətt üzrə davam etməsi, o cümlədən pandemiyadan sonrakı dövrdə hər iki partiyanın funksionerlərindən və gənclərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili istiqamətində addımların atılması razılaşdırılıb.

Görüş çərçivəsində, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib və Çin şirkətləri bu prosesdə daha yaxından iştiraka dəvət edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpini ölkəmizə rəsmi səfərə dəvət etdiyi bir daha məmnuniyyətlə xatırladılıb, bu səfərin pandemiyadan sonrakı dövrdə reallaşdırılacağına dair ümid ifadə edilib.

AZƏRTAC