Azərbaycanla Koreya Respublikası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət

Azərbaycanla Koreya Respublikası arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Görüşdə tərəflər Azərbaycan ilə Koreya Respublikası arasında əməkdaşlıq gündəliyinin bir çox məsələləri üzrə, xüsusilə də energetika, infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, alternativ enerji, investisiya, tikinti, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Koreya Respublikasının iqtisadi əməkdaşlıq baxımından ölkəmiz tərəfindən prioritet ölkə kimi qiymətləndirildiyini qeyd edən nazir Ceyhun Bayramov dövlət səviyyəsində qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının mövcud münasibətlərə daha da təkan verilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra nazir Ceyhun Bayramov bir il bundan əvvəl baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyi və nəticədə, bölgədə yaranmış reallıqların yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaratdığı barədə həmkarını məlumatlandırıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə diqqət çəkilib.

Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Park Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla qeyd edərək, görüş zamanı gələcək əməkdaşlıq planlarına dair prioritet məsələlərin müzakirə olunduğunu və bunun ölkələrimiz arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verəcəyinə inamını ifadə edib.

Görüş zamanı tərəflər, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

AZƏRTAC