Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb
Siyasət

Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb.

Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri ilə görüşdən məmnunluğunu bildirən İvan Korçok Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib. O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksəksəviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin martında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini diqqətə çatdırıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sahibə Qafarova deyib ki, Azərbaycan ilə Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir. Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlığın daha da genişləndirilməsində, inteqrasiya proseslərinin sürətləndirilməsində maraqlıdır. Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrdən biri kimi Slovakiya ilə münasibətlərin inkişafına önəm verir. Ölkələrimizin bir sıra beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini xatırladan Sahibə Qafarova parlamentlərarası əlaqələrin daha da inkişafı üçün yaxşı zəmin olduğunu deyib. Milli Məclisin sədri qeyd edib ki, sivilizasiyaların qovuşduğu Azərbaycan multikultural ölkə kimi tanınır. Burada mövcud olan tolerantlıq digər ölkələr üçün bir nümunədir.

Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimizin Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Azərbaycan ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü təmin edib. Artıq münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunan ərazilərinin bərpasına başlayıb.

Sahibə Qafarova diqqətə çatdırıb ki, Ermənistan işğal dövründə şəhərlərimizi, kəndlərimizi tamamilə dağıdıb və talan edib. Milli Məclisin sədri Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar, xüsusilə minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsi haqqında geniş məlumat verib. Bildirib ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinası beynəlxalq prinsiplərə ziddir.

Milli Məclisin sədri qeyd edib ki, cari ilin iyulunda Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyənləşdirilib. Bu Fərmana əsasən, iki yeni rayon - Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Zəngəzur dəhlizinin yaradılmasının çox böyük əhəmiyyəti var. Belə ki, bu dəhlizin yaradılması həm regional kommunikasiyaların bərpasına, həm də regionun inkişafına, sülh və təhlükəsizliyin təmin edilməsinə böyük töhfə olacaq. Ermənistan yeni reallıqları qəbul etməli və buna uyğun davranmalıdır. Azərbaycan hər zaman əməkdaşlığa açıq olan və əməkdaşlığı təşviq edən ölkədir. Azərbaycanın regional münasibətlərdə bugünədək irəli sürdüyü enerji, nəqliyyat və digər əməkdaşlıq platformaları bütün regionun inkişafına xidmət edib.

Söhbət zamanı iki ölkə arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artması üçün müvafiq tədbirlərin görülməsi, COVID-19 pandemiyasına qarşı mübarizədə atılan addımlar, postpandemiya dövründə əməkdaşlığın daha da dərinləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

AZƏRTAC