Azərbaycanlıların təxliyəsi üçün Moldovada əlaqələndirmə mərkəzi yaradılıb
Digər xəbərlər

Azərbaycanlıların təxliyəsi üçün Moldovada əlaqələndirmə mərkəzi yaradılıb

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən həmsərhəd dövlətlərə üz tutmuş Azərbaycan Respublikası vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, indiyədək Rumıniyanın Buxarest və Yassi, Polşanın Katovitse şəhərlərinə 13 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub. Ümumilikdə 5000 nəfərdən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub.

Ukraynadan Moldovaya digər həmsərhəd ölkələrlə müqayisədə dəfələrlə çox sayda vətəndaşımızın keçməsi ilə əlaqədar olaraq təxliyə işlərinin sistemli və nizamlı şəkildə həyata keçirilməsi, habelə onlara yerində dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin 17 nəfər əməkdaşından ibarət heyət martın 7-də Kişineu şəhərinə ezam olunub. Azərbaycanın Moldovadakı səfirliyi və qeydolunan dövlət orqanlarının nümayəndələrindən ibarət yaradılmış müvəqqəti əlaqələndirmə mərkəzi işə başlayıb.

Əlaqələndirmə mərkəzi tərəfindən Ukraynadan sərhədi keçərək Moldovanın müxtəlif yerlərində toplanmış vətəndaşlarımızın siyahıları tərtib olunur. Onlarla səfirlikdə və yerlərdə görüşlər keçirilir, ehtiyacları qiymətləndirilir, tibbi və digər yardımların göstərilməsi təmin olunur, Vətənə qayıtmaq üçün sənədlər hazırlanır və çatışmayan səyahət sənədləri bərpa edilir, Azərbaycan dövləti tərəfindən göndərilən təxliyə çarter reysləri və avtobuslarla ölkəmizə yola salınması həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə növbəti belə əlaqələndirmə qərargahı Polşada yaradılacaq. Bu məqsədlə martın 9-da qeyd olunan qurumların nümayəndələrindən ibarət heyət Polşanın Varşava və Katovitse şəhərlərinə ezam olunub.

AZƏRTAC