“Azərişıq
Sosial həyat

“Azərişıq" ASC-nin layihəsi regionlarda 100-dən artıq kəndi əhatə edir

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, "Azərişıq" ASC tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində Xaçmazda genişmiqyaslı işlərə başlanılıb. "Azərişıq" ASC Xaçmaz rayonunda 5 kəndin elektrik şəbəkəsini yenidən qurub, 7 kəndində isə işləri davam etdirir.

ASC-nin mətbuat xidmətindən bildirilir ki, rayonun  Sərkərli, Üçgün, Uzunoba, Hacıəhmədoba, Xanoba, Padar və Şıxlı kəndlərində də işlərə start verilib. Yergüc, Armudpadar, Əhmədoba, Yaquboba və Həsənqala kəndlərinin isə elektrik şəbəkəsi yenidən qurulub. Yenidənqurma işləri çərçivəsində Sərkərli kəndində 3 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 kilometrə yaxın 10 kV-luq, 8 kilometrdən çox 0,4 kV-luq elektrik xətləri yenilənəcək.

Xaçmazda işlərin başa çatdığı kəndlərdən biri də Həsənqaladır. Rayon mərkəzindən 25 kilometr aralıda yeləşən Həsənqalanın 400-dən çox abonenti var. Həsənqala kəndində 7 ədəd KTM quraşdırılıb. 14 kilometrdən çox 10 kV-luq, 20 kilometrdən artıq 0,4 kV-luq elektrik xətti yenilənib. Bu qədim yaşayış məntəqəsinin enerji təsərrüfatı indi tam müasir səviyyəyə çatdırılıb.

Görüləcək bütün işlər yekunlaşdıqdan sonra Xaçmazın 12 kəndində 3 mindən çox abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz ediləcək.  Qeyd edək ki,  investisiya layihəsi başa çatdıqda  bütün regionlarda 100-dən çox kəndi əhatə edəcək.

Əli SADIQOV,

"Respublika".