AZƏRTAC-da tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib
Sosial həyat

AZƏRTAC-da tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib

Oktyabrın 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşü açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bu tədbirin çox əlamətdar vaxta təsadüf etdiyini bildirib. Diqqətə çatdırıb ki, bu günlər bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımız Vətən müharibəsində qazanılan Qələbənin ikinci ildönümünü qürurla bayram edir.

"Müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin siyasi kursunu, inkişaf strategiyasını uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli sərkərdəliyi ilə Azərbaycanı qalib dövlətə, xalqımızı qalib xalqa çevirdi. Qəhrəman Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində Ermənistanı diz çökdürdü, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu Qələbə təkcə Azərbaycanın deyil, türk dünyasının zəfəridir. Təsadüfi deyil ki, dost ölkələrin liderləri və xalqları Qələbə sevincimizə şərik çıxırlar, bizimlə bir yerdədirlər. Taleyüklü bir dövrdə möhtərəm Prezidentimizə, xalqımıza və ordumuza arxa-dayaq olan hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazanılan uğurlarda böyük xidməti və dəstəyi mühüm rol oynayıb", - deyə Aslan Aslanov vurğulayıb.

Tədbirdə Seyidzadələr nəslinin Azərbaycan mədəniyyətinin və elminin inkişafındakı xidmətlərindən söz açan AZƏRTAC-ın İdarə Heyətinin sədri qeyd edib ki, Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və ustad tərcüməçi idi. O, AZƏRTAC-da çalışdığı illərdə tərcümə işinə rəhbərlik edib, bu sahədə öz məktəbini yaradıb.

 "Bağır Seyidzadə tərcümə işində həqiqətən çox səlis və çevik idi. Agentlikdəki işindən, sözün əsl mənasında, zövq alırdı. Deyərdi ki, jurnalistika çox məsuliyyətli peşədir, əsl jurnalist həm tarixçi, həm filosof, həm iqtisadçı, həm də insanpərvər olmalıdır. Vəzifə onun üçün önəmli deyildi. Hara göndərirdilər, orada vicdanla işləyirdi. Bağır Seyidzadə xatirələrdə məhz belə bir insan kimi qalıb", - deyə Aslan Aslanov bildirib.

AMEA-nın Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhramov çıxışında professor Dilarə Seyidzadənin zəngin elmi fəaliyyətindən, dövrümüz üçün mühüm əhəmiyyət kəsb edən tədqiqatlarından söz açıb. Vurğulayıb ki, professor Dilarə Seyidzadənin milli tarixşünaslığımızda bir alim kimi xüsusi yeri var. Cümhuriyyətə gedən yolu ilk dəfə tədqiq edən, Cümhuriyyət quran böyük şəxsiyyətlər haqqında ilk məlumatları elmi dövriyyəyə gətirən məhz professor Dilarə Seyidzadədir. Bu mövzunu araşdırmaq məsələsi böyük tarixçi-alim Əlövsət Quliyevin təşəbbüsü ilə olub. O, əmin idi ki, bu ağır elmi işin öhdəsindən gənc və istedadlı tədqiqatçı Dilarə Seyidzadə gələ biləcək. Alimin "Azərbaycan deputatları Rusiya Dövlət Dumasında" adlı monoqrafiyasını oxuyarkən Azərbaycan xalqının milli müstəqillik yolunun nə qədər ağır olduğu göz önündə canlanır. Onun "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar" əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir. Azərbaycan, türk, rus və ingilis dillərində çap olunan bu monoqrafiya tarix elmimizə yenilik gətirib.

Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova professor Dilarə Seyidzadənin, ilk növbədə, istedadlı alim olduğunu, milli təfəkkürümüzün inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq deyib: "Dilarə xanım öz dəyərli əsərləri ilə tarixşünaslıq elmimizi zənginləşdirib. Eyni zamanda, pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsində bu gün də yaxından iştirak edir, geniş maarifçilik fəaliyyəti göstərir. Azərbaycan elminin və milli tarixinin inkişafında Dilarə xanımın özünəməxsus yeri var.

Dilarə xanım həm də uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərib. Heydər Əliyev kimi dahi şəxsiyyətlə işləmək heç də asan deyildi. O, çox diqqətli, ən xırda detalları nəzərə alan bir dövlət xadimi idi. Dilarə xanım Ulu Öndərin hər bir tapşırığını səhvsiz yerinə yetirirdi. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışıb. Elə bu peşəkarlığı və Azərbaycan dövlətçiliyinə sadiqliyinə görə nüfuz və ehtiram qazanıb".

Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qərbi Kaspi Universitetinin müəllimi Adıgözəl Məmmədov Bağır Seyidzadənin diplomatik fəaliyyətindən söz açıb. Bildirib ki, Bağır Seyidzadə 1941-ci ildə görkəmli dövlət xadimi Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla İrana gedib. Əziz Əliyev İranda işləmək üçün diplomat kadr seçəndə Bağır Seyidzadəyə üstünlük verir və onu Moskvaya, Ali Diplomatiya Məktəbinə göndərir. Moskvada fars dilini mükəmməl öyrəndikdən sonra Bağır Seyidzadə Azərbaycan komsomolu MK-nın ikinci katibi vəzifəsində qalmaqla 1944-cü ildə İrana qayıdır.

Vurğulanıb ki, Mircəfər Bağırov kimi olduqca məlumatlı adam əsasən Bağır Seyidzadənin ona ünvanlanmış arayışlarını daha səhih mənbə kimi qəbul edirdi. Bu baxımdan M.Bağırovun maraqlı teleqramları qalıb. Həmin teleqramlardan birində yazılıb: "Yoldaş Mustafayev və Seyidzadənin hazırladıqları hesabat Cənubi Azərbaycan haqqında ümumi icmalın yaradılması üçün böyük əhəmiyyət daşıyır..."

Uğurlu diplomatik fəaliyyətinə görə Bağır Seyidzadə Təbrizə vitse-konsul göndərilir. O, Təbrizdəki fəaliyyəti dövründə Cənubi Azərbaycanda milli radionun, teatrın, universitetin və digər mədəniyyət ocaqlarının yaradılmasında birbaşa iştirak edib.

Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Seyidzadələr nəslinin görkəmli nümayəndəsi, rejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Onun Azərbaycan kino tarixində çox mühüm xidmətləri olub. Kinoda Qarabağın təsviri, görüntüləri rejissor Hüseyn Seyidzadə və Səməd Mərdanovla bağlıdır. Onlar 1937-ci ildə "Köçərilər" adlı film çəkiblər. Qarabağda yaşayan azərbaycanlıların həyatından bəhs edən bu film qalmayıb. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində 1954-cü ildə "Doğma xalqımıza" adlı ilk film-konsert çəkib ki, burada da Qarabağın görüntüləri var. "Koroğlu" (1960) filmində isə bir sıra səhnələr Əsgəran qalasında çəkilib. Hüseyn Seyidzadə Azərbaycan kino tarixində "O olmasın, bu olsun" ilk musiqili-rəngli bədii filmini çəkib. 1957-ci ildə Fransada rəngli film istehsalına həsr edilmiş müsabiqədə bu film öz rəng koloritinə görə ilk yerlərdən birini tutub. Azərbaycan SSRİ tərkibində olduğu üçün bu faktlar üzə çıxarılmadı. Rejissorun "Dəli Kür" filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil. Hüseyn Seyidzadənin çəkdiyi filmlər kinomuzun qızıl fonduna daxil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Dilarə xanımın qardaşı Fuad Seyidzadə və atası Bağır Seyidzadə ilə bağlı xatirələrini bölüşüb. "Fuad uzaq gəncliyimin ən yaxın dostu idi", - deyən Xalq yazıçısı Anar onun memar olmaqla yanaşı, gözəl rəssam olduğunu da vurğulayıb. Qeyd edib ki, Fuad Seyidzadənin onun hekayələrinə illüstrasiyalar çəkdiyi kitab bu gün də ən əziz bir yadigar kimi qalır.

Xalq yazıçısı Anar qeyd edib ki, Bağır Seyidzadə ilə bağlı xatirələr daha çox atası ilə əlaqədardır. "Bağır Seyidzadə atam Rəsul Rzadan sonra Azərbaycanın kinematoqrafiya naziri olub. Atam deyərdi ki, adətən bir işə təzə təyin olunan şəxs çox vaxt özündən əvvəl işləyənə yüz cür irad tutur, olan və olmayan nöqsanları axtarıb tapmağa çalışır. Bağır bir dəfə də olsun buna yol vermədi, əksinə, mənim dalımca danışmağa çalışan bəzi demaqoqların ağzından vurdu".

Görüşdə professor Dilarə Seyidzadə çıxış edərək, göstərilən diqqətə və tədbirin təşkilinə görə təşəkkürünü bildirib. "Mən çox fəxr edirəm ki, atam jurnalist idi", - deyən professor xatirələrini bölüşüb, atasının öz xalqını, jurnalistikanı, gəncləri çox sevdiyini, AZƏRTAC-dakı fəaliyyətindən böyük zövq aldığını vurğulayıb.

Professor, həmçinin Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək deyib: "Həyat belə gətirdi ki, mən dahi siyasi xadim Heydər Əliyevlə işlədim. Onun dühasına xaricdə hamı valeh olurdu. Hər bir imkandan istifadə edib onun barəsində nadir söhbətlər aparıram. AZƏRTAC-ın hər bir jurnalistinə Ulu Öndərin böyük məhəbbəti var idi".

Çıxışlar professor Dilarə Seyidzadənin ömür yolunu əks etdirən fotoslaydlarla müşayiət olunub.

Görüşün sonunda AZƏRTAC-ın kollektivi adından professor Dilarə Seyidzadəyə xatirə hədiyyəsi təqdim edilib.

Tədbir tanınmış jurnalist, diplomat və ustad tərcüməçi Bağır Seyidzadə haqqında AZƏRTAC-ın çəkdiyi "Unudulmazlar" filminin nümayişi ilə yekunlaşıb.

AZƏRTAC