AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Londonda keçirilən iclasında iştirak edib
Digər xəbərlər

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Londonda keçirilən iclasında iştirak edib

Fevralın 15-də Britaniyanın "Press Association" informasiya agentliyinin Londondakı baş ofisində Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda tədbirin ev sahibindən əlavə, AZƏRTAC (Azərbaycan), TASS (Rusiya), EFE (İspaniya), BTA (Bolqarıstan), SPA (Səudiyyə Ərəbistanı), MAP (Mərakeş), "Agerpress" (Rumıniya) və Ərəb Ölkələri Xəbər Agentlikləri Federasiyasının (FANA) nümayəndə heyətləri, həmçinin videorabitə vasitəsilə "Reuters" agentliyinin və hazırda sədrlik etdiyi Avropa Xəbər Agentlikləri Alyansını (EANA) da təmsil edən Avstriyanın APA agentliyinin nümayəndələri iştirak ediblər.

İclasda bu il 30 noyabr-1 dekabr tarixlərində Mərakeşdə keçiriləcək Dünya Xəbər Agentliklərinin VII Konqresinə hazırlıq işləri müzakirə olunub. Tədbirdə Konqresin mövzusu təsdiqlənib: "Postpandemiya dünyasında xəbər agentliklərinin gələcəyi". Dörd panel sessiyasının mövzuları da müəyyənləşdirilib.

MAP agentliyinin videotəqdimatı Konqresin keçiriləcəyi yer, texniki təchizat, həmçinin belə genişmiqyaslı tədbirlər üçün ənənəvi mədəni proqram kimi logistika məsələlərinə həsr edilib.

NACO-nun növbəti iclası iyunun 24-də Londonda keçiriləcək.

Qeyd edək ki, NACO öz sıralarında dünyanın bütün beş qitəsindən olan yüzdən çox informasiya agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinin icra orqanıdır. AZƏRTAC NACO-nun daimi üzvüdür.

Dünya Xəbər Agentliklərinin V konqresi 2016-cı ilin noyabr ayında Bakıda keçirilib.

AZƏRTAC