AZƏRTAC səs çoxluğu ilə yenidən OANA-nın vitse-prezidenti seçilib
Siyasət

AZƏRTAC səs çoxluğu ilə yenidən OANA-nın vitse-prezidenti seçilib

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Tehranda keçirilən XVIII Baş Assambleyasında təşkilati məsələlərə baxılıb. AZƏRTAC gizli səsvermə yolu ilə keçirilən seçkidə səs çoxluğu ilə yenidən OANA-nın vitse-prezidenti seçilib.

Baş Assambleyada təşkilatın üzvü olan 22 agentliyin nümayəndələri, həmçinin digər regional xəbər agentlikləri assosiasiyalarını təmsil edən müşahidəçilər qismində dəvət olunmuş fəxri qonaqlar iştirak ediblər.

Təşkilatın Nizamnaməsinə OANA-nın İcraiyyə komitəsi tərəfindən təklif edilmiş dəyişikliklər qəbul olunub.

OANA-da sədrlik müddəti başa çatan Cənubi Koreyanın Yonhap xəbər agentliyi Nizamnaməyə müvafiq olaraq növbəti üçillik müddətə OANA-nın dörd vitse-prezidenti mövqelərindən birini tutub. Budəfəki foruma ev sahibliyi edən IRNA agentliyi növbəti üçillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilib.

Gizli səsvermə yolu ilə keçirilən seçkilərin birinci turunda Azərbaycanın AZƏRTAC və Rusiyanın TASS agentlikləri səs çoxluğu ilə (hərəyə 18 səs) yenidən vitse-prezident seçiliblər. Çinin Sinxua və Türkiyənin Anadolu agentlikləri isə səsvermənin birinci turunda hərəyə 14 səs əldə ediblər. İkinci turda da Sinxua və Anadolu yenidən eyni miqdarda - 22 səs topladıqları üçün Baş Assambleya iştirakçılarının konsensusu əsasında, qaydalara istisna kimi, hər iki agentliyin vitse-prezident seçilməsi qərara alınıb. Beləliklə, Yonhap agentliyi də daxil olmaqla, OANA-nın vitse-prezidentlərinin sayı 5-ə yüksəlib.

Növbəti Baş Assambleyanı keçirmək hüququ uğrunda gizli səsvermə yolu ilə keçirilən müsabiqədə TASS agentliyi 6 səsə qarşı 16 səslə Sinxua agentliyindən üstün olub. Beləliklə, XIX Baş Assambleya 2025-ci ildə Rusiya Federasiyasında keçiriləcək.

Sonda OANA-nın fotomüsabiqəsində qaliblərin adları elan edilib. Birinci yerə TASS agentliyi, ikinci yerə isə Anadolu agentliyi layiq görülüb.

Bununla OANA-nın XVIII Baş Assambleyası işini tamamlayıb.

Ən böyük regional media qurumu olan Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılıb. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir.

OANA-nın məqsədi region ölkələrində informasiya axınına təkan vermək, inkişaf etmiş və inkişafda olan dövlətlər arasındakı informasiya fərqini aradan qaldırmaq, xəbər agentliklərinin redaktə, təlim, kommunikasiya və texniki imkanlarını təkmilləşdirməkdir.

Təşkilatın XVI Baş Assambleyası 2016-cı ildə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda keçirilib. AZƏRTAC hər iki beynəlxalq media qurumunun rəhbəri seçilib, 2016-2019-cu illərdə OANA-ya sədrlik edib.

AZƏRTAC