Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub
İQTİSADİYYAT

Bakı Enerji Həftəsinə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən xüsusi sessiya ilə yekun vurulub

İyunun 4-də Bakı Enerji Forumu çərçivəsində Şuşa şəhərində 100-dən çox yerli və xarici nümayəndənin iştirak etdiyi xüsusi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, "Xalis sıfra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı" mövzusuna həsr olunan xüsusi sessiyada əvvəlcə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi iştirakçılarına ünvanladığı məktubu oxuyub.

Türkiyə Prezidenti məktubunda bütün sahələrdə olduğu kimi, enerji sahəsində də Azərbaycan və Türkiyənin mükəmməl əməkdaşlığının ölkələrimiz və bölgəmiz üçün strateji xarakter daşıdığını qeyd edib. Məktubda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bərpaolunan enerji sahəsində ortaya qoyduğu baxışın regionun sabitliyi və rifahı baxımından önəmli olduğu vurğulanıb.

Daha sonra energetika naziri Pərviz Şahbazov çıxış edərək Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdən danışıb. Nazir azad edilmiş ərazilərin bərpaolunan enerji potensialı və əməkdaşlıq imkanlarından bəhs edib. O, həmçinin Şuşada imzalanacaq sənədlərin "enerji keçidi" prosesinə töhfə verəcəyini bildirib.

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf çıxışında "SOCAR-ın 2035-ci ilə qədər Korporativ Strategiyası" çərçivəsində enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrini ehtiva edən yeni üfüqlər üzrə strateji təşəbbüslərindən bəhs edib. O qeyd edib ki, forumun xüsusi sessiyası çərçivəsində bərpaolunan enerji mənbələrinin birgə inkişafı haqqında SOCAR və "Masdar" arasında imzalanacaq Anlaşma Memorandumu, eyni zamanda, SOCAR və BP arasında Əməkdaşlıq Müqaviləsi bu strategiyanın əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.

R.Nəcəf Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan edilən bu ərazilərin öz geniş iqtisadi, nəqliyyat, turizm və bərpaolunan enerji potensialı ilə bundan sonra uzun illər ərzində Azərbaycanın və regionun dayanıqlı inkişafına, bölgədə sülhə, əmin-amanlığa, əməkdaşlığa dəyərli töhfələr verəcəyini vurğulayıb.

BP-nin Regional prezidenti Qəri Counz

çıxışında şirkətin təxminən 30 il ərzində Azərbaycanda neft-qaz sektorunda uğurla fəaliyyət göstərdiyini bildirib. O, bu illər ərzində SOCAR ilə etibarlı əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib. Qəri Counz Şuşada imzalanacaq sənədlərin "enerji keçidi" dövründə Azərbaycanın bərpaolunan enerji potensialının inkişafına töhfə verəcəyini qeyd edib.

"Total Energies" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut bildirib ki, şirkət ilə Azərbaycanın uzunmüddətli əməkdaşlığı var: "İyirmi altı ildən çoxdur ki, enerji layihələrinin həyata keçirilməsində birgə fəaliyyət göstərilir. Azərbaycanın alternativ enerji sahəsində böyük potensialı var. Ölkə bu vasitə ilə artan enerji tələbatını ödəyə bilər".

Daha sonra "Masdar Clean Energy" şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharraminin, "ACWA Power" şirkətinin İnvestisiya direktoru Klayv Törtnün çıxışları dinlənilib.

Həmçinin Bakı Enerji Həftəsi haqqında videoçarx nümayiş etdirilib, Şuşa xüsusi sessiyası çərçivəsində əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.

Bu sənəd "Şəfəq" adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

İcra Müqaviləsinə edilmiş Əlavə sənədinə əsasən, layihənin icrasında effektiv texniki və kommersiya həllinə nail olmaq üçün "Virtual enerji ötürülməsi mexanizmi" adlı biznes modelinin tətbiqi planlaşdırılır. Bu model layihə çərçivəsində Cəbrayılda günəş enerjisinin istehsalına və onun ölkənin digər hissələrində dövlət və ya özəl alıcılara satışına imkan yaradır.

Sonra Energetika Nazirliyi və BƏƏ-nin "Masdar" şirkəti arasında "Azərbaycan Respublikasında quruda sənaye miqyaslı 1 QVt gücündə günəş və 1 QVt gücündə külək enerjisi layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi" və "Dənizdə 2 QVt gücündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı icra müqaviləsi" imzalanıb.

Quruda ümumi qoyuluş gücü 2 QVt olan külək-günəş enerjisi layihələri üzrə icra müqaviləsi çərçivəsində istehsal olunacaq enerjinin müəyyən bir qisminin ölkənin enerji sisteminə ötürülməsi üçün şəbəkə imkanlarının müfəssəl araşdırılması, şəbəkənin gücləndirilməsi üzrə lazımi tədbirlərin görülməsi, həmçinin elektrik enerjisinin ixracı məqsədilə müvafiq proseslərin həyata keçirilməsi planlaşdırılır.

Dənizdə qoyuluş gücü 2 QVt olan külək və hidrogen enerjisi layihələri üzrə icra müqaviləsi isə istehsal və ixrac məqsədli külək elektrik enerjisi güclərinin yaradılmasını, karbonsuzlaşdırma, hidrogenin istehsalı və ixracı istiqamətində kompleks tədbirlərin görülməsini nəzərdə tutur.

Növbəti müqavilə SOCAR ilə BP arasında imzalanıb. Əməkdaşlıq müqaviləsini SOCAR-ın birinci vitse-prezidenti Rövşən Nəcəf və BP-nin Regional prezidenti Qəri Counz imzalayıb. Sənəd Azərbaycan Respublikasında bərpaolunan enerji potensialının öyrənilməsini, bu sahədə əməkdaşlıq məsələlərini və birgə layihələrin həyata keçirməsini nəzərdə tutur.

Son olaraq isə SOCAR ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf və "Masdar Clean Energy" şirkətinin icraçı direktor vəzifəsini icra edən Fauaz Al Muharramin imzalayıb.

Sənəd Azərbaycanda bərpaolunan enerji sahəsində əməkdaşlıq məqsədi daşıyır.

Daha sonra Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən Şuşa turu təşkil olunub. Tədbir iştirakçıları mədəniyyət paytaxtımızın tarixi və mədəni abidələrini ziyarət edib, şəhərdə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

AZƏRTAC