Bakı Mühəndislik Universitetində əmək yarmarkası
Elm və təhsil

Bakı Mühəndislik Universitetində əmək yarmarkası

Bakı Mühəndislik Universiteti (BMU) və Əmək və Əhalinin Sosial  Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə "Karyerada ilk addım" adı altında əmək yarmarkası keçirilib.

Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Sənan Məmmədzadə tədbirin önəmini vurğulayıb. Müasir dövrdə mühəndislik ixtisasları üzrə peşələrə ciddi ehtiyac duyulduğunu qeyd edən filial müdiri yarmarka barədə ümumi məlumatları diqqətə  çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, BMU-nun rektoru, professor Havar Məmmədov Qlobal iqtisadi inkişaf fonunda müasir dövrün çağırışları və əmək bazarının tələbatına uyğun universitetdə rəqabətqabiliyyətli kadr hazırlığı üzrə aparılan işlərdən danışıb, son illər BMU-da əmək bazarında daha çox ehtiyac duyulan 15 yeni  ixtisasın açıldığını bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH yanında Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin sədri Yusif Sadıqov iqtisadiyyatın inkişafında məşğulluq sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev təhsilin keyfiyyəti və kadrlarının peşəkarlığı ilə seçilən BMU ilə birgə təşkil olunan əmək yarmarkasının əhəmiyyətindən söz açıb.

Yarmarkada 44-dən artıq aparıcı şirkətin 500-dən çox vakansiya ilə iştirak etdiyini nəzərə çatdıran sədr müavini tədbirin iştirakçılar üçün faydalı, eyni zamanda seçilən peşəkar kadrların ölkə iqtisadiyyatına töhfə verəcəyinə ümidvar olduğunu deyib.

M.MİRZƏ,

"Respublika".