Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib
Digər xəbərlər

Bakı Şəhər Prokurorluğunda ötən ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib

Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən 2021-ci ildə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, videokonfrans formatında keçirilən müşavirədə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov 2021-ci ildə hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosialyönümlü proqramların uğurla həyata keçirildiyini, ölkəmizin iqtisadi və siyasi qüdrətinin daha da möhkəmləndirilməsini, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş dövlətçilik siyasətinin müsbət nəticələrini verdiyini, əldə olunan nailiyyətlərin əsasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasətin təşkil etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin birinci ildönümü münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmiş "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilib. İndiyədək Bakı şəhəri üzrə ümumilikdə 246 nəfər, o cümlədən 18 nəfər barəsində bilavasitə prokurorluq orqanları tərəfindən, 228 nəfərə isə daxili işlər orqanları tərəfindən prokurorluğun prosessual rəhbərliyi ilə amnistiya tətbiq olunub və həmin şəxslər cinayət məsuliyyətindən azad ediliblər.

Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və göstərişləri əsasında Azərbaycan Prokurorluğu inkişafının yeni mərhələsinə qədəm qoyub. Prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu mütərəqqi normativ-hüquqi bazası olan, yeni iş prinsipləri əsasında fəaliyyət göstərən dövlət təsisatı kimi inkişaf edib. Kadr tərkibi yeniləşdirilən prokurorluğun mövcud çatışmazlıqlarını aradan qaldırmağa təminat verən yeni icra və nəzarət mexanizmi yaradılıb.

Azərbaycan Prezidentinin fərman və sərəncamları ilə prokurorluq orqanlarının maddi-texniki bazası möhkəmləndirilib, yeni hərbi prokurorluqlar yaradılıb, işçilərin ştat sayı artırılıb və sosial müdafiəsi gücləndirilib.

Ölkəmizdə mütərəqqi islahatların reallaşdırılmasında Azərbaycan Respublikası Baş prokurorunun rəhbərliyi altında prokurorluq orqanları yorulmadan fəaliyyət göstərir. Dünya standartlarına uyğun şəkildə təkmilləşməklə, sivil, dünyəvi, dövlətçilik ideyalarına sadiqlik nümayiş etdirən, fəal vətəndaşlıq mövqeyində dayanan kollektiv formalaşdırılıb. Prokurorluq orqanları müstəqil dövlətimizin dəstəyinə arxalanmaqla, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində layiqincə xidmət göstərir.

Cinayətkarlığa qarşı mübarizə statistikasının təhlili göstərir ki, 2021-ci ildə paytaxtın daxili işlər və prokurorluq orqanları tərəfindən 12 min 761 cinayət hadisəsi qeydiyyata alınıb. Bu, 2020-ci illə müqayisədə 2252 hadisə, yəni, 21,4 faiz çoxdur.

Ötən il Bakı şəhərinin daxili işlər və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayında artım müşahidə olunub. Belə ki, il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1 faiz artaraq 2792 olub. Az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3 faiz artaraq 7608 hadisə, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə (62,9 faiz) artaraq 2361 hadisə olub. Paytaxtın daxili işlər və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 faiz olub ki, bu da əvvəlki illə müqayisədə 5,4 faiz çoxdur. Paytaxt ərazisində qeydə alınmış 50 qəsdən adamöldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adamöldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb. Qəsdən adamöldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Diqqətə çatdırılıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci ildə 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb. Artım faizlərinin bu qədər yüksək dinamika ilə inkişafı olduqca narahatedici göstəricidir.

Bakı şəhər prokuroru çıxışında Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Bu problemin vurduğu ziyanın həcminin çox böyük olmasının narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyasına, müxtəlif cinayətlərin törədilməsinə, cinayətkarlığın artmasına, cəmiyyətin maddi-texniki və intellektual potensialının aşağı düşməsinə, genefondun pisləşməsinə, bir çox mənfi hallara gətirib çıxardığını bildirən İ.Abbasov narkotik maddələrin satışı ilə məşğul olan mənbələrin müəyyənləşdirilməsi ilə bağlı əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini tabe rayon prokurorlarından tələb edib.

Bildirilib ki, Bakı Şəhər Prokurorluğunun diqqət mərkəzində olan məsələlərdən biri də ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayət işləri olub. Ötən il ölümlə nəticələnən 197 yol-nəqliyyat hadisəsi (2020-ci illə müqayisədə 37 fakt çox) qeydə alınıb. Bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.

Şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş cinayət işlərinin təhlili göstərir ki, prokurorluq orqanlarının icraatında olan 770 işdən 368-i, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 13 min 401 cinayət işindən 6072-sinin istintaqı tamamlanıb. Onlardan polis orqanları tərəfindən 4632, prokurorluq orqanları tərəfindən 188 iş baxılması üçün məhkəmələrə göndərilib. Bütün bunlar 2020-ci ilə nisbətən müsbət göstəricilərdir. Həmçinin şəhərin prokurorluq orqanlarında 180 cinayət işinin icraatına xitam verilib, 202 işin icraatı dayandırılıb. Daxili işlər orqanlarında isə 1440 işin icraatına xitam verilib, 2977 işin icraatı isə dayandırılıb.

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4 milyon 275 min 458 manat məbləğində maddi ziyandan 756 min 684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33 milyon 510 min 697 manat məbləğində maddi ziyanın 21 milyon 69 min 713 manatı ödənilib.

Keçən il Bakı Şəhər Prokurorluğu orqanları üzrə inzibati xətalar haqqında işlər üzrə 219 inzibati icraatın başlanılması haqqında qərar qəbul edilib.

Hesabat dövründə vətəndaşların qəbulu, müraciətlərə baxılması sahəsinə də xüsusi diqqət yetirilib. Bakı şəhər prokurorluq orqanlarına 14 min 950 müraciət daxil olub. Onlardan 6723-ü həllini tapıb, o cümlədən 2227-si təmin edilib. Paytaxtın prokurorluq orqanları tərəfindən 3191-i bilavasitə prokurorluqda, 103-ü isə yaşayış yerlərində olmaqla ümumilikdə 3294 nəfər qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Bağlı qalan quldurluq və oğurluq cinayətlərinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, artım dinamikası müşahidə olunan cinayət hadisələri ilə bağlı təhlillərin aparılaraq, cinayət hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması üçün müvafiq preventiv tədbirlərin görülməsinin, eləcə də istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkarlanmış nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilərək təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzələri ilə çıxış edərək görülən işlərdən danışıb, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriblər.

Müşavirədə qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Hesabat dövründə paytaxtın prokurorluq orqanlarının əməkdaşlarından əmək və icra intizamını pozan 14 nəfər intizam məsuliyyətinə cəlb edilib. Onlardan 1 nəfər tutduğu vəzifədən azad olunub, 1 nəfərə şiddətli töhmət, 5 nəfərə töhmət elan edilib, 7 nəfərə irad tutulub. Həmçinin Azərbaycan Respublikası Baş prokurorunun əmrləri ilə xidməti fəaliyyətində fərqləndiklərinə görə paytaxtın prokurorluq orqanlarının əməliyyat işçilərindən 18 nəfər mükafatlandırılıb.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru İlqar Abbasov paytaxt prokurorluğunun kollektivinin cinayətkarlığın bütün təzahürlərinə və qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, dövlətçiliyimizin maraqlarının etibarlı müdafiəsi üçün bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə zəruri tədbirlər görəcəyinə əminliyini bildirib.

AZƏRTAC