Bakı  və Abşeronda “Kənddən  Şəhərə” yarmarkaları   davam   edir
İQTİSADİYYAT

Bakı  və Abşeronda “Kənddən  Şəhərə” yarmarkaları   davam   edir

Məhsulların qiymətlərini ucuzlaşdırmaq, alışı birbaşa  istehsalçıların  özlərindən təşkil və əlçatanlığını təmin etmək məqsədilə şəhərdə yarmarkaların keçirilməsi  praktikası  davam etdirilir. 3-4 dekabr   tarixlərində   Kənd  Təsərrüfatı  Nazirliyi   tərəfindən   Bakı  və  Abşeronda “Kənddən   Şəhərə” yarmarkaları   keçiriləcək. Yarmarkalarda   yerli  kənd  təsərrüfatı   və  qida  məhsulları   birbaşa fermerlər   tərəfindən  satışa  çıxarılacaq.

 “Kənddən  Şəhərə” həftəsonu  yarmarkalarının  təşkilində  əsas  məqsəd  yerli  fermerlər  üçün  alternativ  satış  kanalı  yaratmaq, eyni zamanda,  şəhər sakinlərini təbii, mövsümi  və sağlam  kənd məhsulları ilə  təmin  etməkdir.

Nazirliyin  mətbuat   xidməti   bildirir   ki, fermerlər   yarmarkalarda   tamamilə  ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar  piştaxta, tərəzi, soyuducu  və  digər  lazımi  ləvazimat  və avadanlıqlarla  təmin   olunacaqlar. Həmçinin, məhsullarının  daşınmasında  çətinlik   çəkən  fermerlərə   logistik dəstək   göstərilərək  məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən   ünvanlara daşınacaq.

Budəfəki “Kənddən   Şəhərə” həftəsonu  yarmarkalarında  ümumilikdə 40-dan artıq   regiondan  80-ə yaxın  fermer  iştirak   edəcək.  Fermerlər  80-dən  artıq  çeşiddə kənd təsərrüfatı və  qida  məhsullarını   satışa  çıxaracaqlar.

Yarmarkalarda    satışa   çıxarılan  məhsulların  kеyfiyyətinə  Azərbaycan  Qida  Təhlükəsizliyi Agentliyi nəzarət  edəcək. Belə  ki, yarmarkada  Səyyar  Qida  Laboratoriyası  fəaliyyət  göstərəcək.

“Kənddən   şəhərə” həftəsonu    yarmarkaları  bu   ünvanlarda  fəaliyyət   göstərəcək: Nərimanov  rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yaxınlığı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Nəriman  CAVADOV,

“Respublika”.